Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə
Foto
Siyasət 14

Azərbaycanla Qırğızıstan arasında münasibətlər son illərdə özünün yüksək mərhələsinə qədəm qoyub. 2022-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə qalxan əlaqələr 2026-cı ilin iyulunda daha yüksək siyasi mərhələyə - müttəfiqlik münasibətlərinə keçib.

Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Ölkəmizin Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlayıb, Qırğızıstanın Azərbaycandakı səfirliyi isə 24 oktyabr 2014-cü ildə təsis edilib. Beləliklə, uzun müddətdir ki, iki ölkə diplomatik müstəvidə münasibətlərini davam etdirir.

Lakin münasibətlərin indiki səviyyəsi əsasən son bir neçə ildə formalaşıb. 2022-ci ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Həmin səfərin nəticələrindən biri də iki ölkə arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum"un imzalanması oldu. Bununla da iki ölkə arasında münasibətlərin istiqaməti dəyişib. Çünki Memorandum iki ölkə arasında strateji əməkdaşlığı və siyasi dialoqun səviyyəsini daha da yüksəltmək üçün imzalanmış mühüm sənəddir. Əvvəllər əsasən dostluq və qardaşlıq ritorikası ilə xarakterizə olunan siyasi əlaqələr artıq müntəzəm dövlətlərarası mexanizmlərlə müşayiət olunmanın təməlini qoyub. 2022-ci ilin 11 oktyabrında Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Dövlətlərarası Şuranın ilk iclası keçirildi və bununla da iki ölkə liderləri səviyyəsində qəbul olunan qərarların hökumətlər və digər dövlət qurumları arasında icrası üçün daha sistemli mexanizm yaradıldı.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

2022-ci ilin oktyabrında Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb. Eyni səfər çərçivəsində Nizami Gəncəvi adına 103 nömrəli məktəbin və Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin açılış mərasimləri keçirilib. Humanitar əlaqələrin digər istiqaməti Azərbaycanın Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun irsinə göstərdiyi diqqətdir. Bakı şəhərinin 133 nömrəli orta məktəbinə Çingiz Aytmatovun adına məktəbin və abidənin yaradılması, iki xalqın ədəbi-mədəni irsi arasında bağların gücləndirilməsinə xidmət edən addımlardır. 2024-cü ilin aprelində isə Sadır Japarovun Azərbaycana dövlət səfəri münasibətlərin növbəti mərhələsini nümayiş etdirdi.

Səfər zamanı Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. İlham Əliyev və Sadır Japarov "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və Birgə Bəyannaməni imzalayıblar.

Bu səfərin mühüm siyasi nəticələrindən biri münasibətlərin yalnız Bakı və Bişkek arasında deyil, Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə də əlaqələndirilməsi ilə yadda qalıb. Sadır Japarov Füzuli və Ağdamda olub, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından 528 şagird yerlik tam orta məktəb inşa edilib. 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulan məktəb "Ayköl Manas" adını daşıyır. Bu faktın siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qırğızıstan Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi Böyük Qayıdış prosesinə yalnız diplomatik bəyanatlarla deyil, konkret infrastruktur layihəsi ilə də töhfə verib.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Münasibətlərin ən mühüm siyasi nəticəsi bu ilin iyulunda İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə edildi. Çolpon-Ata şəhərində keçirilən görüşlər və Dövlətlərarası Şuranın üçüncü iclasının yekununda "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalandı. Bu sənəd münasibətlərin siyasi baxımdan əvvəlki "strateji tərəfdaşlıq" mərhələsindən daha yüksək səviyyəyə çatdırdı. 2022-ci ildə strateji tərəfdaşlıq, Dövlətlərarası Şura, 2024-cü ildə siyasi dialoqun və humanitar əməkdaşlığın genişlənməsi, 2026-cı ildə isə müttəfiqlik müqaviləsi münasibətlərin davamlı inkişafını nümayiş etdirir.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Siyasi münasibətlərin sürətlə inkişafı, iqtisadi əməkdaşlığa da öz müsbət təsirlərini göstərib. Bu baxımdan 2026-cı il iyulun 31-də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər. Prezident İlham Əliyev bildirib ki, bu, son hədd deyil, çünki fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir.

İki ölkə arasında birbaşa hava əlaqələrinin genişlənməsi də münasibətlərin praktiki tərəfinə təsir edən amillərdəndir. Bakı-Bişkek hava xəttinin inkişafı işgüzar səfərləri, turizmi və humanitar təmasları asanlaşdırır. AZAL hazırda Bakı-Bişkek-Bakı marşrutu üzrə həftədə dörd planlı uçuş, eləcə də Bakı-İsık-Kul-Bakı marşrutu üzrə həftədə bir qeyri-planlı uçuş həyata keçirir. Bu istiqamət xüsusilə əhəmiyyətlidir, çünki Azərbaycan üçün Qırğızıstan yalnız ikitərəfli münasibətlər baxımından deyil, Mərkəzi Asiyaya çıxış və regiondaxili bağlantılar baxımından da önəm daşıyır. Qırğızıstan üçün isə Azərbaycan Avropa istiqamətinə, Xəzər üzərindən nəqliyyat marşrutlarına və daha geniş regional iqtisadi əlaqələrə çıxış imkanları yaradır.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Beləliklə, Azərbaycan-Qırğızıstan münasibətlərində 2022-ci ildən başlayan sürətli yaxınlaşma 2026-cı ilin iyulunda keyfiyyətcə yeni mərhələyə çatıb. Strateji tərəfdaşlıq haqqında Bəyannamədən Dövlətlərarası Şuranın yaradılmasına, humanitar layihələrdən Qarabağın bərpasında Qırğızıstanın iştirakına və nəhayət, müttəfiqlik müqaviləsinə qədər uzanan xətt münasibətlərin ardıcıl şəkildə dərinləşdiyini göstərir. /Oxu.az

Son xəbərlər