Deputat: "Qafqaz bizim evimizdir" iddiası imperialist təfəkkürün təzahürüdür"
"İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin nə diplomatiya etikasına, nə regionun mövcud geosiyasi reallıqlarına, nə də beynəlxalq hüququn elementar prinsiplərinə sığmayan son bəyanatları onun simasında regionun reallıqlarını həzm edə bilməyənlərin növbəti "siyasi divanəliyi"dir".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yaranmış tamamilə yeni bir konfiqurasiyanı, Cənubi Qafqazda formalaşan yeni düzəni, xüsusilə, Azərbaycanın yaratdığı postmüharibə reallıqlarını görə bilməyən birinin növbəti subyektiv, reallıqdan uzaq və cəfəng iddiaları bəzilərinin hələ də tarixin arxivinə gömülmüş imperiya ambisiyaları və xülyaları ilə yaşamaqda olduğunu göstərir:
"Musəvinin "Qafqaz bizim evimizdir" ifadəsi və bu regionu hansısa "tarixi təsir arealı" kimi qələmə vermək cəhdi ilk növbədə, imperialist xəstəliyinin növbəti təzahürüdür. Lakin keçmiş səfir unutmamalıdır ki, bu region heç bir kənar gücün, xüsusilə də illərlə Ermənistanın işğalçılıq siyasətinə dolayı və birbaşa dəstək verən bir dövlətin "arxa bağçası"na çevrilə bilməz.
Çünki "tarixi areal" iddiaları ilə çıxış etmək ən azı İran adlı süni coğrafi ad altındakı rejim üçün təhlükəlidir. Əgər tarixə müraciət olunacaqsa, bu gün özünü "ev sahibi" sayanların idarəçilik sistemindən tutmuş, oturduqları torpaqlara qədər kimlərin tarixi mirası olduğu hər kəsə yaxşı məlumdur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü heç kimin köməyi və icazəsi ilə deyil, dövlət başçısının qətiyyəti, xalqının öz qanı və canı bahasına, beynəlxalq hüququ bərpa edərək təmin edib. Ona görə də regionda "geosiyasi sərhədlərin dəyişdirilməsi" bəhanəsi ilə qorxu ritorikası qurmaq absurd iflasdır.
Keçmiş səfirin Zəngəzur dəhlizi ilə bağlı proseslərdə "Azərbaycanın kənarda qaldığı" barədə iddiasına gəlincə, bu, sadəcə, gülüş doğurur və onun siyasi korluğunun sübutudur.
Həqiqət budur: Zəngəzur dəhlizi ideyasının müəllifi də, onun reallaşması üçün regionda geosiyasi iradə ortaya qoyan da şəxsən Azərbaycan Prezidentidir. Azərbaycan heç kimin iradəsindən asılı olmayaraq bu gün regionun əsas və İrandan fərqli olaraq yeganə təhlükəsiz və etibarlı logistik və siyasi mərkəzidir. Bakının iradəsi olmadan bu regionda ən kiçik bir layihə belə icra oluna bilməz.
Musəvinin iddia etdiyi kimi, Ermənistan və ABŞ-nin bu prosesdə "fəal rol oynaması" Azərbaycanın kənarda qalması yox, İrəvanın özünə yeni və daha təhlükəli ağalar axtarmasının, Ermənistanın suverenliyini tamamilə itirərək poliqona çevrilməsinin göstəricisidir. Əgər bu gün İranın burnunun ucunda - Ermənistanda ABŞ şirkətləri, Qərb missiyaları at oynadırsa, Tehran bunun günahını Bakıda yox, illərdir bağrına basdığı, "böyük bacı"lıq etdiyi İrəvanda axtarmalıdır".
Deputatın sözlərinə görə, Musəvinin prosesi "Tramp marşrutu" adlandıraraq istehza etməsi əslində daxili qorxunun və acizliyin ifadəsidir:
"Tehran yaxşı anlayır ki, Qərblə Ermənistanın bu qucaqlaşması gec-tez İranın özünə qarşı yönələcək. Vaxtilə Azərbaycan torpaqları işğal altında olanda Ermənistanla "islam həmrəyliyi"ni unudub sərhəd ticarəti edənlər, bu gün Ermənistanın Qərbin plasdarmına çevrilməsi qarşısında aciz qalıblar və bu acizliyi Azərbaycanın üzərinə kölgə salmaqla kompensasiya etməyə çalışırlar. Lakin cənab Prezident İlham Əliyevin qətiyyətli xətti bəllidir: Biz öz torpağımızda və bütövlükdə regionumuzda beynəlxalq hüquqa əsaslanan maraqlarımızı diktə edən tərəfik. Musəvi və onun təmsil etdiyi dairələr anlamalıdırlar ki, Azərbaycanla təhdid, köhnəlmiş imperiya ritorikası və diplomatik manipulyasiya dilində danışmaq mümkün deyil. Bakı öz milli maraqlarını bütün müstəvilərdə qorumağa qadirdir. Hələ də səmasında İsrail və ABŞ hərbi təyyarələrinin istədiyi anda uçuş etməsinə mane ola bilməyən İran tərəfi bölgədə real sabitlik istəyirsə, cəfəng bəyanatları kənara qoyub, regionun böyük gücü olan Azərbaycanın yaratdığı "3+3" formatına və regional əməkdaşlıq platformalarına uyğunlaşmalıdır. Biz ümumbəşəri dəyərlərə sadiq olaraq qədim tarixi bağlara, çox sıx və dərin ortaq ənənələrə malik olduğumuz İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı, faydalı birgə fəaliyyət göstərməyi arzu edirik. Lakin bu reallığı anlamayacağı təqdirdə İran özü elə Musəvinin dediyi kimi "kənarda qalan" tərəf olacaq".
Oxşar xəbərlər
İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"
"Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edən...