Braziliyada keçiriləcək COP30 logistika böhranı ilə üz-üzədir

Braziliyanın Belém şəhərində 10–21 noyabr tarixlərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Konfransı (COP30) bir sıra problemlərlə üzləşir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, konfransda iştirak etməsi nəzərdə tutulan 45–60 min qonaq üçün Belémdə otel imkanlarının məhdudluğu ciddi narahatlıq doğurur.
Mövcud otellərdə qiymətlər 10–15 dəfə bahalaşaraq, bir gecə üçün 360–4400 ABŞ dolları arasında dəyişir. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrin nümayəndə heyətləri üçün əlavə maliyyə yükü yaradır.
Problemin qismən həlli üçün Braziliya hökuməti kruiz gəmilərini, məktəbləri, yataqxanaları və hətta motelləri müvəqqəti yaşayış məkanı kimi istifadə etməyi planlaşdırır.
Bundan əlavə, hazırlıqlar çərçivəsində Belémdə inşasına başlanılan 13 km uzunluğunda Avenida Liberdade adlı yeni yolun Amazon meşələrinin bir hissəsini zədələməsi əlavə narazılıq yaradıb. Ekoloqlar layihəni konfransın məqsədləri ilə ziddiyyətli hesab etsələr də, Braziliya hakimiyyəti yolun COP30-un seçilməsindən əvvəl planlaşdırıldığını açıqlayıb.
Bəzi ölkələr yüksək qiymətlər və məhdud infrastruktur səbəbilə COP30-un başqa şəhərə köçürülməsini təklif etsələr də, Braziliya hökuməti tədbirin Belémdə keçiriləcəyini qəti şəkildə təsdiqləyib. Rəsmi qurumlar isə endirimli qiymətlər və vahid rezervasiya platforması vasitəsilə problemi yumşaltmağa çalışır.
BMT baş katibinin sözçüsü Stefan Dujarrik isə problemlə bağlı açıqlamasında COP30-un uğurla keçirilməsinin qlobal məsuliyyət olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da əldə olunan nəticələr COP30 üçün mühüm təcrübə olmalıdır:
"Biz Braziliyanın ev sahibi olaraq üzləşdiyi çətinliklərin tam fərqindəyik. Ümid edirik ki, bu problemlərin çoxu həll olunacaq. COP-lar üçün geniş vətəndaş cəmiyyətinin iştirak etməsi, üzv dövlətlərin istədikləri şəxsləri tədbirə gətirə bilmələri və bunu maddi imkanları daxilində edə bilmələri vacibdir. İnsanların səsi COP30-da da eşidilməlidir. Ümid edirik ki, vətəndaş cəmiyyətinin səsi eşidiləcək. Dövlətlər və BMT üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu il plastik çirklənməsinə dair hüquqi öhdəlikli beynəlxalq razılaşmaya nail olmaq xüsusilə vacibdir."
Qeyd edək ki, dövlət başçılarının iştirakı ilə COP30 Liderlər Sammiti 6–7 noyabrda keçiriləcək.
Oxşar xəbərlər
Rusiyadan gələn sensasiyalı təhdidlərə sərt reaksiya: "Putin bizə nə edə bilər?!"
"Vladimir Solovyovun sözlərinə görə, Rusiya İranla birləşərək Azərbaycana qarşı mübarizə aparmaq niyyətindədir. Lakin İranın bundan xəbəri yoxdur. Rusiyanın məq...
