"Biz İrandan nankorluq, nakişilik gördük"

Biz İrandan nankorluq, nakişilik gördük
Siyasət 167

"Naxçıvan ərazisini İran dövlətinin pilotsuz uçuş aparatları ilə atəş altına salması faktının İran tərəfindən inkar edilməsi, məsuliyyətdən boyun qaçırılması, törədilmiş terror aktının başqa tərəfin, tərəflərin üzərinə köçürülməsi məni heç də təəccübləndirmədi".

Bunu BAKU.WS-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənpva bildirib.

Ekspertin sözlərinə, daha öncəki zamanda Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktına hüquqi qiymət də kiminsə mərhəməti və ya düzgünlüyü hesabına verilməyib:

"Məhz Azərbaycan dövlətinin göstərmiş olduğu prinsipiallığın nəticəsi oldu ki, İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan nümayəndələrinin gözü qarşısında edam edildi, bu təlimatlandırılmış şəxsə ən ağır cəza məhz Azərbaycanın təkidi ilə verildi.

Budəfəki cavabımız da bundan fərqli olmayacaq. Odur ki, İranın Azərbaycandakı səfirliyi iz itirməyə çalışmasın, məsuliyyəti boyunlarından atmasın. Azərbaycan heç bir halda bu əsassız terror aktı ilə, bu təcavüz ilə barışmayacaq. Ona görə ki, bizim göstərdiyimiz yanaşma tamamilə fərqli idi. Necə ki, illər ərzində biz İranın əleyhinə mübarizə üçün meydança təqdim etməyəcəyimizi bəyan etmişdiksə, müharibə başlar-başlamaz da ağıllardan ən kiçik sualı belə silmək baxımından Azərbaycan eyni fikri bir daha təsdiqlədi və bildirdi ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmasına icazə verilməyəcək. Çünki Azərbaycan tarixin heç bir mərhələsində buna getməyib. Lakin biz İrandan nə gördük? Yenə də kürəyimizə saplanan xəncər.

Biz İrandan nə gördük? Nankorluq gördük, nakişilik gördük. Baxmayaraq ki, Azərbaycanın dövlət başçısından savayı heç bir dövlət başçısı İran səfirliyinə gedib başsağlığı vermədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın Bakıdakı səfirliyində oldu, başsağlığı verdi.

Göstərdiyimiz bu münasibətə əks münasibətin göstərilməsi yolverilməzdir".

Şəbməm Həsənova əlavə edib ki, bi, çox böyük nankorluq nümunəsidir:

"Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçımız bu həssas məsələlərə detallı və məhz bu şəkildə toxundu. Hər bir amilin üzərində qətiyyətlə dayandı. Necə ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı qətiyyət nümayiş etdirdisə, bu gün də biz eyni avazla, eyni səslə, eyni qətiyyətlə İrandan açıqlama tələb edirik. Üzr istənilməsini, terror aktını törədənlərin məsuliyyətə cəlb edilməsini gözləyirik.

Çünki bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün diplomatik addımlar atılacaq. Azərbaycan hələ İrana humanitar yardım da etməyə hazırlaşırdı, özü də öz maliyyə resursu hesabına.

Çünki biz dar gündə kömək göstərmək istədik, baxmayaraq ki, 90-cı illərdə ən dar, ən çətin günlərimizdə belə bizi arxadan vuranlardan biri də İran idi.

Göstərdiyimiz münasibətin müqabilində belə arxadan zərbə endirmək yolverilməzdir. Bu, son dərəcə çirkin, riyakar, eybəcər yanaşmadır. Bu ləkə İranın çirkin və eybəcər semasından heç vaxt silinməyəcək. Cənab Prezident İlham Əliyev son dərəcə həssas olan bu məsələni məhz bu cür və dəqiqliklə vurğuladı. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycanı heç bir halda şərləmək, gözdən salmaq olmaz.

İranda yaşayan azərbaycanlıların heç bir hüququ, haqqı yoxdur. Hələ bu kifayət deyilmiş kimi Azərbaycanı onların gözlərindən salırlar, manipulyasiya edirlər, bizə qarşı çevirməyə çalışırlar. Çünki onlar bilirlər ki, Azərbaycan dövləti İranda yaşayan bir çox zərbaycanlılar üçün ümid yeridir. Eynilə bu hadisə ilə bağlı da Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir, terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bizə riyakar açıqlamalar, məsuliyyətdən boyun qaçırmaq yox, əməli addımlar, göstərdiyimiz münasibətə müqabil yanaşma lazımdır".

Son xəbərlər