Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq müzakirə edilib
27
apr
2018
20:27
Pekində rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Su Çilian ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini salamlayan Su Çilian iki ölkənin xalqları arasında tarixən mövcud olan dostluq əlaqələrinin hazırda daha sürətlə inkişaf etdiyini deyib.Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini diqqətə çatdıran Su Çilian ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirib.Mərkəzi Hərbi Şuranın sədr müavini iki ölkənin tarixən İpək yolu vasitəsi ilə münasibətlər qurduğunu, müasir dövrdə “Bir kəmər, bir yol” strategiyasının bu əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını bildirib.Su Çilian iki ölkənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının əhəmiyyətini vurğulayaraq münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.Z.Həsənov vurğulayıb ki, ÇXR-in terrorçuluqla, separatçılıqla və transmilli cinayətkarlıqla mübarizədə, o cümlədən dünyada sülhün və sabitliyin dəstəklənməsində mühüm rolu var. Çin, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirak edir. Cənubi Qafqazda ən yüksək döyüş qabiliyyətinə malik orduya sahib olan Azərbaycan da dünyada və regionda sülhün və sabitliyin təmin edilməsi məqsədilə sülhməramlı əməliyyatlara öz töhfəsini verir.Azərbaycanın müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib.Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.Azərbaycan Müdafiə Nazirliyinin Çinin hərbi təyinatlı məhsullar istehsal edən bir sıra korporasiya və şirkətlər ilə əməkdaşlıq etdiyini deyən general-polkovnik Z.Həsənov bildirib ki, bu işbirliyi çərçivəsində mütəmadi olaraq həm işgüzar səfərlər, həm də ekspertlərin görüşləri təşkil edilir.Görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ali idarəedici orqanıdır. Şuraya Çin Xalq Respubikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin rəhbərlik edir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və Çin arasında hərbi yardıma dair sənəd imzalanıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli...