Azərbaycan blits-müharibədə hansı məqsədlərə nail oldu?

Azərbaycan blits-müharibədə hansı məqsədlərə nail oldu?
Siyasət 1503

Azərbaycan ordusunun davranışı və hərəkəti göstərir ki, 3 günlük əməliyyatlar zamanı qarşıya qoyulmuş siyasi-hərbi məqsədlərə tam nail olunub.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, siyasi məqsəd genişmiqyaslı hərbi əməliyyat zamanı dünya ictimaiyyətinin, siyasi qurumların və dövlətlərin dəstəyini almaq idi: "Bəli, dünyada heç bir ölkə Azərbaycanın əks-həmlə əməliyyatını qınamadı, bəzi dövlətlər isə rəsmən dəstəklədi. Əsas Rusiyanın Ermənistana edə biləcəyi kömək idi ki, o da olmadı. Bu, əslində böyük siyasi qələbədir. Çünki biz şahidiyik ki, Ermənistan Dağlıq Qarabağı işğal edən zaman Azərbaycana qarşı ABŞ konqresində məşhur "907-ci düzəliş" kimi siyasi qərarlar qəbul olunmuşdu. Bəzi dövlətlər isə, konkret olaraq Rusiya, Ermənistana havayı olaraq dağıdıcı silahlar verirdi. Amma bu dəfə belə olmadı".

Məsələnin hərbi tərəfinə gəlincə, ekspert qeyd edib ki, hərbi əməliyyatların uzun müddət davam etdirilməsi planlaşdırılmırdı: "Çünki genişmiqyaslı hərbi əməliyyatlar keçirib işğal olunmuş bütün torpaqları qısa zamanda tam azad etmək olmayacaqdı. Digər tərəfdən səfərbərlik elan olunmamışdı. Buna baxmayaraq, əməliyyat nəticəsində həddən artıq böyük itkilərə yol verilmədən məqsədlərə nail olundu. Əgər Azərbaycanın məqsədi genişmiqyaslı hücum olsaydı, düşməni uzun müddət, dayanmadan bombardman edərdi. Amma son əməliyyatlar zamanı belə bir bombardmana əl atılmadı: "Çünki məqsəd Dağlıq Qarabağ cəbhəsində mövcud "Ohanyan xətti"i keçmək idi. Bu xəttin birinci qurşağında döyüş postları yerləşir, ondan daha çox qüvvələr ikinci qurşaqda yerləşir. Üçüncü qurşağa isə Xankəndi, Şuşa və Ermənistanda olan hərbi hissələr aiddir. Bu dəfə məqsəd az itkilərlə 1-ci qurşağı yarmaq və oradakı üstün mövqeləri ələ keçirmək idi ki, buna da nail olundu. Sonrakı 2 və 3-cü qurşaqlar isə cəbhənin dərinliyində yerləşən sədlərdir. Bombardmanın edilməməsi göstərir ki, məqsəd böyük müharibə aparmaq deyildi. Əgər belə olsaydı, həm şimaldan Murov tərəfdən, həm də cənubdan Horadiz tərəfdən genişmiqyaslı əməliyyatlar həyata keçirilərdi. Qeyd edim ki, Ermənistan ordusunun 4 günlük müharibədə məğlubiyyətini həm Ermənistan prezidenti, həm də Ermənistanın tanınmış hərbçilərindən biri, "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan təsdiq etdilər".

E.Ələsgərov nail olunan digər məqsədlərə də aydınlıq gətirib: "İkinci önəmli məsələ odur ki, məqsədlərdən biri də Ermənistan ordusunun Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə yerləşən bölmələri haqqında geniş məlumat əldə etmək idi. Atışma başlayanda erməni qüvvələri yuvalarından çıxmaq məcburiyyətində qaldı. Çünki Ermənistan qorxub elə bildi ki, Azərbaycan böyük müharibəyə başlayıb. Onlar Azərbaycanın əsl məqsədini anlamadılar, ona görə də arxa xətdə nələri var idisə, ortalığa qoydular. Buna döyüşlə kəşfiyyat deyirlər. Artıq Ordumuz böyük müharibə başlayacağı təqdirdə Ermənistanın nə edə biləcəyini qeydə aldı. Yəni könüllüləri yığması, hansı topları, tankları, texnikası və hansı yolla çıxarması, hansı mövqeləri tutacağı ilə bağlı müfəssəl kəşfiyyat məlumatları toplandı.

Üçüncüsü, Azərbaycan ordusu öz texniki üstünlüyünü, qüdrətini həm Ermənistana, həm də bütün dünyaya nümayiş etdirdi.

Dördüncüsü, Azərbaycan son illər ərzində ilk dəfədir ki, hərbi əməliyyatlar nəticəsində uğur əldə etdi. Bu da həm orduda, həm cəmiyyətdə böyük ruh yüksəkliyinə səbəb oldu.

Beşincisi, bu hadisələr zamanı xalq birlik nümayiş etdirdi".

Ekspertin fikrincə, altıncısı və ən önəmlisi odur ki, Qarabağ danışıqlarına artıq yeni siyasi şəraitdə təkan verildi: "Danışıqlarla bağlı siyasi rəhbərlərin görüşləri göstərir ki, yeni siyasi vəziyyətdə danışıqlar daha mütəşəkkil qaydada gedəcək. Hətta ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bəyan edib ki, Ermənistan Dağlıq Qarabağdakı silahlı qüvvələrini geri çəkməlidir. Bundan sonra söhbət məhz bunun, yəni Ermənistan Ordusunun geri çəkilməsi və bəzi rayonların Azərbaycana qaytarılması üzərində gedəcək. Ümid etmək olar ki, danışıqlar genişləndirilmiş Madrid prinsipləri üzrə Azərbaycan üçün daha əlverişli şəraitdə davam edəcək".

Atəşkəs razılığı əldə olunmasına baxmayaraq, ermənilərin yenə də mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam etməsinə gəlincə, qrup rəhbəri hesab edir ki, bu sadəcə taktiki xarakter daşıyır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər