Azərbaycan Milli Məclisinə kimlər rəhbərlik edib? - 2 qadın spiker
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu vəzifəyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.
Qeyd edək ki, o, Azərbaycan tarixində ikinci qadın spikerdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində Azərbaycan Respublikası Ali Sovetinin 1-ci sədri də məhz Elmira Qafarova olmuşdu.
Həmin dövrdən indiyə qədər Azərbaycan parlamentinin sədrlərini sizə təqdim edirik.
Azərbaycan Respublikası Ali Sovetinin 1-ci sədri Elmira Qafarova olub. O, 18 dekabr 1991-ci ildə vəzifə təsis olunan zamandan 5 mart 1992-ci ilə qədər həmin vəzifədə çalışıb.
Elmira Qafarova Azərbaycan tarixinin ən qaynar və siyasi proseslərin ən ağır vaxtlarında parlamentin rəhbərliyində olub.
Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakıda qulluqçu ailəsində anadan olub.Onun Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunub və hadisələr baş verib.
O cümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilib. Oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında “Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti” qəbul olunub, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.
Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib. Qəbri Fəxri xiyabandadır.
Azərbyacan Milli Məclisinə sədrlik edən ikinci şəxs Yaqub Məmmədov olub.
Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub.
Tibb elmləri doktoru, professor Məmmədov Yaqub Cavad oğlu Azərbaycan parlamentinin böhranlı vaxtlarında rəhbərliyə gəlib. 1992-ci il Xocalı hadisələrindən sonra istefa verən Ayaz Mütəllibovun ardınca Elmira Qafarova da postunu tərk edir.
Bundan sonra deputatların ortaq rəyi əsasında deputat Yaqub Məmmədov Azərbaycan Milli Məclisinin sədri seçilir.
Onun rəhbərliyi ilə Qarabağla bağlı İranın vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparılır və iflasa uğrayır.
Mayın 8-də ermənilər Şuşanı, mayın 18-də Laçını işğal edirlər. 1992-ci ildə may hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə əlaqadar o, Milli Məclisin sədrliyindən istefa verir.
Azərbaycan Milli Məclisinə 1992-1993-cü illərdə üçüncü spiker kimi İsa Qəmbər rəhbərlik edib. İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
İsa Qəmbərin sədri olduğu vaxt Milli Məclis bir sıra önəmli qanun layihələrini qəbul edib. Bunların içində “Dövlət dili haqqında”, “Azərbaycanda yaşayan azsaylı xalqların hüquqları” haqqında və s. Qanunlar da var.
4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verib.
İ.Qəmbərdən sonra parlamentə qısa müddətə Ulu Öndər Heydər Əliyev rəhbərlik edib.
1993-cü ildə polkovnik Sürət Hüseynovun hərbi qiyamı nətiсəыində dəyişən siyasi vəziyyət AXC-nin hakimiyyətdən getməsi ilə nəticələnir.
Yaranmış siyasi böhranı aradan qaldırmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edilir.
1993-cü il iyunun 15-də H.Əliyev əvvəlcə Milli Məclisin üzvü, dərhal sonra da iclasda iştirak edən 39 nəfər deputatdan 34 nəfərinin lehinə səsverməsi ilə Milli Məclisin sədri seçilib.
H.Əliyev iyun ayından oktyabra qədər parlamentə rəhbərlik etmiş 4-cü spikerdir. 1993-cü il sentyabrın 1-də isə Milli Məclis Ali Sovetin qəbul etdiyi 26 iyun 1991-ci il tarixli “Prezident seçkiləri haqqında” qanuna dəyişikliklər edərək yaş senzi ilə bağlı maddəni ləğv edib və H.Əliyevin ölkə Prezidenti seçilməsini təmin edib.
Heydər Əliyev oktyabrın 3-də prezident seçildikdən sonra Milli Məclisin sədri Rəsul Quliyev olub.
Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Qazançı kəndində anadan olub. 1970-ci ildə əmək fəaliyyətinə Azərbaycanın Sumqayıt şəhərindəki Kimya Kombinatında başlayıb.
1971-ci ildən 1992-ci ilədək Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində işləyib.
1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
7 dekabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilib.
1993-cü ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
1993-cü ilin noyabrından 1995-ci ilin noyabrınadək Azərbaycan Respublikası Milli Məclisinin sədri işləyib.
1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib.
1996-cı il sentyabrın 11-də parlamentin sədri vəzifəsindən istefa verib, 1996-cı ildən ABŞ-a mühacirət edib.
Rəsul Quliyev istefaya gedəndən sonra onu Murtuz Ələsgərov əvəz edib.
Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.
1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1996-cı il oktyabrın 16-dan parlamentin sədri vəzifəsində çalışıb. 2005-ci il noyabrın 6-dan 11 saylı Qarabağ seçki dairəsindəт deputat seçilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
2005-ci il dekabrın 2-dən Milli Məclisin sədri Oktay Əsədovdur.
1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olan O.Əsədov Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib.
Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
2014-cü ildə Prezident İlham Əliyev Oqtay Əsədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Evlidir, 2 övladı var.
Yeni sədr seçilən Sahibə Qafarova 1955-ci ildə anadan olub.
S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.
O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...