Azərbaycanın axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
Rusiyalı telejurnalist Aleksey Çadayev Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat yayıb.
"Nəqliyyat nazirinin ictimai əsaslarla müşaviri kimi səlahiyyətlərimi dayandırmaq qərarına gəldim.
Sadə bir şeyi başa düşmək lazımdır. Podkastlarda dediyim, burada yazdığım və ya efirlərdə səsləndirdiyim hər şey pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusunu dərindən araşdıran ekspert kimi yalnız mənim şəxsi qiymətləndirmələrimdir.
Digər tərəfdən isə Rusiya Nəqliyyat Nazirliyi var. O, fundamental dövlət vəzifələri ilə məşğuldur. Xüsusilə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini qurur və inkişaf etdirir, fasiləsiz tranzit daşımalarının təmin edilməsi ilə bağlı ən mürəkkəb məsələləri həll edir və ölkə iqtisadiyyatının dayandığı çoxsaylı görünməz, lakin kritik əhəmiyyətli işləri həyata keçirir. O cümlədən Azərbaycan istiqamətində.
Qərarımın məntiqi sadədir. Hesab etmirəm ki, kiminsə şəxsi ekspert mövqeyi və ya ictimai açıqlamaları dövlətlərarası münasibətlərə təsir göstərsin və dövlətlərin birgə işinə maneələr yaratsın.
Burada heç bir dram yoxdur. Əsas diqqətim əvvəlki kimi pilotsuzlaşdırma, "Uşkunik", hərbi-mülki inteqrasiya, cəbhə və qələbə üçün zəruri olan hər şey üzərində qalır. Çoxlu vəzifələr var, işimizi davam etdiririk", - deyə Çadayev qeyd edib.
Xatırladaq ki, Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bildirilib ki, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.
Belə ki, həmin şəxslərin 14 iyul 2026-cı il tarixində "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etdikləri müəyyən olunub.
Bundan başqa, həmin şəxslərin avqustun 13-də eyni kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsinə, o cümlədən ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi altında saxlanılmasına və ünvanlı şəkildə sıradan çıxarılmasına dair fikirlər səsləndirdikləri, bununla da terrorçuluğa açıq çağırışlar etdikləri müəyyənləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azərbaycana qarşı informasiya təzyiqləri siyasi iradəni dəyişə bilməz
Rusiyanın bəzi media və informasiya platformalarında Azərbaycana və ölkə rəhbərliyinə qarşı səsləndirilən aqressiv fikirlərin adi media polemikası çərçivəsindən...