Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib
Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.
BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş katibi Xuan Karlos Salazar və Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüşündə bildirilib.
Məlumata görə, Azərbaycan tərəfi araşdırmaların ixtisaslaşmış və təcrübəli məhkəmə ekspertiza orqanları tərəfindən aparılmasının vacibliyini xüsusi vurğulayıb. ICAO isə qeyd edib ki, ətraflı və qərəzsiz istintaq aparılması Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərindəndir.
Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarına riayət etməsinə dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Görüşdə həmçinin ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha bəyan edib.
Oxşar xəbərlər
Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib
Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat t...