Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu
Foto
Siyasət 37

Azərbaycanla ABŞ arasındakı əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində qurulan şəxsi münasibətlərin də önəmli rolu qeyd edilməlidir. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın son bir il ərzində çox sayda təması, şəxsi münasibətləri dostluğa, dərin hörmət və etimada əsaslanır.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakı və Vaşinqton arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Tərəflərin müxtəlif səviyyələrdə təmasları intensiv xarakteri ilə seçilir. Xüsusilə son zamanlarda ABŞ-dən olan yüksəkçinli rəsmilərin bölgəmizə səfərlərinin sıxlaşması Bakı-Vaşinqton gündəliyinin zənginliyi və çoxistiqamətliyindən xəbər verir.

Donald Trampa ünvanlanan yubiley təbriki

Bu təmaslar ən ali səviyyədə də davam etdirilir - xüsusilə məktublaşma formasında. Bir müddət əvvəl Ağ ev rəhbəri Donald Trampın Prezident İlham Əliyevə mühüm mesajların ifadə olunduğu iki məktub ünvanlanması qarşı tərəfin Azərbaycanla münasibətlərin inkişafından məmnun olduğuna dəlalət edir. Bu günlərdə isə Prezident İlham Əliyev ABŞ-li həmkarını 80 illik yubileyi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Donald Trampın əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, keçən ilin avqustunda Ağ Evdə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu

İkitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri

Dövlət başçısının məktubunda ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətlərinə də toxunulub. Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi və təşviqində Donald Trampın göstərdiyi qətiyyətə xüsusi vurğu edilib. "Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda, biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük", - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu

Güclü və qətiyyətli qarşılıqlı siyasi iradə

Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qurulan şəxsi münasibətlərin də önəmli rolu qeyd edilməlidir. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın son bir il ərzində çoxsaylı təmasları, şəxsi münasibətləri dostluğa, dərin hörmət və etimada əsaslanır. Ali rəhbərliklər səviyyəsində qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Məhz bunun nəticəsidir ki, Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək, möhkəmləndirməklə bağlı ali səviyyədə qarşılıqlı güclü siyasi iradə mövcuddur. Yeni reallıqlar fonunda rəsmi Bakı Vaşinqtonla dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığın hərtərəfli genişləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da uğurla davam edəcəyinə əmindir.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu

Abraham Hamadenin Azərbaycana səfəri

Qeyd etdiyimiz kimi, ikitərəfli təmaslarda müxtəlif səviyyələrlə qarşılıqlı səfərlərin reallaşması da Bakı-Vaşinqton gündəliyinin intensivliyindən xəbər verir. Bu baxımdan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin Azərbaycana səfəri, buradakı təmasları, Prezident İlham Əliyevlə görüşü diqqət çəkir. Abraham Hamade ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinin həmmüəlliflərindən biridir. Hansı ki, bu bədnam düzəliş ikitərəfli əlaqələrin tam miqyasda inkişafında, potensialın daha geniş ölçüdə dəyərləndirilməsində əsas maneələrdən biri hesab olunur. Prezident İlham Əliyevin konqresmenlə görüşündə bu məsələyə də xüsusi diqqət ayrılıb. Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunulub.

907-ci düzəlişin tam ləğvi zərurəti

Xatırladaq ki, "Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi" adlı qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən 2025-ci il dekabrın 9-da Konqresə təqdim edilib. Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı: Dövlət başçılarının şəxsi münasibətlərinin rolu

A.Hamadenin səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərdə də bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanması yüksək qiymətləndirilib. Bu addımın ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlığın asanlaşdırılmasına xidmət etdiyi vurğulanıb. Bununla belə, həmin düzəlişin birdəfəlik ləğvi istiqamətində zəruri addımların atılmasının vacibliyi önə çəkilib.

Göründüyü kimi, ABŞ-Azərbaycan münasibətlərinin sağlam təməllər üzərində, bərabərhüquqluluq və milli maraqlara hörmət əsasında inkişafı hər iki tərəfdə məmnunluqla qarşılanır. Sülh prosesinin irəlilədilməsi, bu istiqamətdə zəruri addımların atılması isə ümumilikdə ABŞ-Azərbaycan-Cənubi Qafqaz əməkdaşlığına yeni impuls verəcək.

Son xəbərlər