Afaq Bəşirqızının Qarabağa bayraq sancan qazi qohumu - FOTO - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı "Dəmir yumruq" əməliyyatında iştirak edən hərbçilərimizdən biri də xüsusi təyinatlı hərbçimiz Əhədov Əlişad Rəfail oğludur.
BAKU.WS xəbər verir ki, "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən hərbçi Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının əmisi qızının oğludur.
Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən qazimizi yaxından tanıyaq:
Əhədov Əlişad Rəfail oğlu 1990-cı il 15 mart tarixində anadan olub. Ordu sıralarına daxil olmamışdan əvvəl kollec bitirib. O, həmçinin mədrəsədə ilahiyyat dərsi də alıb. 2010-cu ildən həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb.
Təlimlərdə uğurlu nəticələr göstərən və 3 dil (ərəb, fars və ingilis) bilən hərbçimiz Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xarici ölkələrdəki təlimlərdə də iştirak edən hərbçimiz 2015-cü ildə çavuş rütbəsi alıb. 2016-cı ildə Aprel döyüşlərində də iştirak edərək düşmənə böyük zərbələr vurub.
İkinci Qarabağ Müharibəsinin başlamasından sonra ordu sıralarının tərkibində əks-hücum əməliyyatlarına qatılan Əhədov Əlişad Füzuli istiqamətində ermənilərin kabusuna çevrilib. Xüsusi təyinatlı qüvvələrin tərkibində Füzulidən Cəbrayıla doğru əməliyyatlarda iştirak edən hərbçimiz ən yüksək zirvənin alınmasında işirak edib. Ermənilərin artilleriya zərbələrinin altında həmin o yüksəklik düşməndən azad olunub.
11 saat dayanmadan hərəkət edən Əhədov Əlişad və digər hərbçilərimiz itki versələr belə, həmin o yüksəkliyi fəth etməyi bacarıblar. Həmin zirvənin üzərində erməni qüllələri olub. Onların üzərində olan kameralar vasitəsi ilə ərazilərin müşahidəsi aparılırmış. Zirvəni ələ keçirən taborun bayraqdarı olan Əhədov Əlişad bayrağı həmin yüksəkliyə sancan şəxs olub.
Cəbrayıl tam olaraq işğaldan azad edildikdən sonra Əhədov və onun taboru Qubadlının azadetmə əməliyyatına başlayıblar. Əlişad Əhədov ilk dəfə həmin əməliyyat zamanı yaralanıb. Artilleriya zərbələri nəticəsində hərbçimizin olduğu hərbi maşın vurulub və qəlpələr onun bədəninə və gözünə dəyib. Onun sağ gözü elə bir vəziyyətdə olub ki, heç aça da bilmirmiş. Digər hərbçilər ona hospitala yerləşməyi və müalicə olunmağı təklif etsələr də, xüsusi təyinatlımız bundan imtina edib və hərb yoldaşlarını tək qoymayıb.
Yaralı vəziyyətdə döyüşlərə qatılan Əlişad Əhədov növbəti dəfə snayper atəşinə məruz qalıb. Sağ çiyni və ağ ciyərindən güllə yarası alan xüsusi təyinatlı ağır vəziyyətə düşüb. Bu dəfə onu hərbçi yoldaşları güllə yağışının içindən çıxararaq əvvəlcə Füzuliyə, oradan Yevlaxa, sonda isə Bakıdakı hospitala çatdırıblar.
Hazırda müalicəsini davam etdirən Əlişad Əhədovun sağ qolu ilizarov aparatına yerləşdirilib. 6 ay sonra əlini işlədə biləcək xüsusi təyinatlımız vətəni uğrunda hər an canını verməyə hazırdır.
Evli olan və 4 yaşlı qızı olan Əhədov Əlişad Rəfail oğlu Bakıda kirayədə yaşayır.
Qalereya
Oxşar xəbərlər
Şəhid olmuş idmançılarımızın adları açıqlandı - SİYAHI
Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiy...