Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular.
Rəşadətli Ordumuzun sarsıdıcı zərbələri qarşısında sürətlə geri çəkilən düşmən cəbhə boyu ağ bayraq qaldıraraq təslim oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğullarımız cəngavərlikləri, qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Camal İsmayılovdur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Ailənin ikinci övladı olan Camal 2002-ci ildə həqiqi hərbi xidmətdə olarkən dərin zəkası, xüsusi bacarığı ilə komandanlığın diqqətini çəkib. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında baş gizir kimi xidmətini davam etdirib. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir. Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox təlimlərdə iştirak edərək çoxlu tərifnamələrə layiq görülüb. Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib.
Qəhrəmanın atası Vidadi İsmayılov Vətən müharibəsi başlayanda Camalın “Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq” deyərək döyüşə böyük çoşğu ilə yollandığını bildirib: “Hər dəfə evə gələndə anasına deyirdi ki, inşallah, müharibə başlayacaq və torpaqlarımızı azad edəcəyik. Başınızı həmişə dik tutacaqsınız. Müharibə başlayanda Cəbrayılı azad edən qüvvələrimiz arasında onların da qrupu vardı. Camala həmişə Hadrutun fatehi deyirdilər. Oğlumla fəxr edirəm. İndi hər kəs onun qəhrəmanlığından danışır. Camalın qəhrəmanlığına yüksək qiymət verilməsinə görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana ailəmiz adından minnətdarlıq edirəm. Şəhid oğluma “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Ailəmizin ən böyük təsəllisi ikinci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbə və Camalın “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsidir. Qalib Ordumuza eşq olsun!”
Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında şücaətlə vuruşub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanan qəhrəman döyüşçü bir müddət xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Sonuncu döyüşdə – Laçın dəhlizini nəzarət altında saxlamağa imkan verən hakim yüksəkliyin azad edilməsi uğrunda 16 nəfərlik dəstəsi ilə 500-dən çox erməniyə qarşı mərdliklə vuruşan Camal şəhidlik zirvəsinə yüksəlib. Bu qəhrəmanlıq Camalı böyük zirvəyə ucaltdı. Azərbaycanın ərazi bütövlüyünün bərpasında misilsiz xidmətlərinə və işğal altındakı torpaqlarımızın azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Camal Vidadi oğlu İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bu xəbər ailədə hər kəsi sevinc və qürurdan doğan göz yaşlarına qərq edib.
Şəhidin bacısı Xəyalə İsmayılova Camal kimi igidlərin Vətən müharibəsində öz qəhrəmanlıqlarını bütün dünyaya göstərdiklərini vurğulayıb: “Camala “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi xəbərini mənə onun kiçik qızı Əsnad xəbər verdi. Bilmədim sevinim, yoxsa ağlayım. Sanki boşluq içində qaldım, bir gözüm ağladı, bir gözüm güldü. Qardaşıma bu yüksək adın verilməsinə görə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, Camal arzusuna çatdı, onun gözü arxada qalmadı. Bütün şəhidlərimizin qisası alındı, Qarabağımız düşməndən təmizləndi. İndi Vətən torpağı tam azaddır”.
Camal üçün valideynləri, həyat yoldaşı, övladları, bacısı və qardaşı həyatda hər şeydən əziz və dəyərli idi. Hər bir ata kimi onun da qəlbində övladları ilə bağlı yüzlərlə arzusu vardı. Vaxtının çoxunu ondan əmanət qalan qızları Əsmət və Əsnad ilə keçirən Camal sanki şəhid olacağını hiss edirmiş kimi, yeni doğulacaq körpəsinin də adını qoyub.
Şəhidin anası Filarə İsmayılova oğlu ilə fəxr etdiyini vurğulayaraq deyib: “Oğlumun qəhrəmanlığının yüksək qiymətləndirilməsinə və ona “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsinə görə Azərbaycan dövlətinə və Prezidentimizə minnətdaram. Camal döyüşlərə yollananda “Narahat olmayın, şəhid olsam, dövlətimiz balalarımın qayğısına qalacaq. İki aydan sonra oğlu olacaq. Adını da özü qoydu. Övladına ən çox sevdiyi adı - Alparslan adını verdi”.
Hər bir azərbaycanlı kimi, Camalın da ən böyük arzulardan biri – doğma Qarabağımızın erməni işğalından azad olunması, üçrəngli bayrağımızın Laçında, Kəlbəcərdə, Şuşada dalğalanması idi.
Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqları bütünlüklə bizimdir.
Qalereya
Oxşar xəbərlər
XTQ-nin Vətən Müharibəsi Qəhrəmanları - FOTO
Məlum olduğu kimi, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəman...