Azərbaycanla işğalçı Ermənistan arasında vəziyyət yenidən gərginləşib. Buna səbəb həmişəki kimi ermənilərin təxribat xarakterli addımları və Azərbaycan ordusuna qarşı çirkin planlarıdır. 

BAKU.WS xəbər verir ki, bu gün Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Düşmən tərəfin təxribatları, işğal altında olan Dağlıq Qarabağa terror təşkilatlarının nümayəndələrini yerləşdirməsi regionda yeni müharibənin başlayacağı ehtimalını ortaya qoyub. Mövzu ilə bağlı ekspertlərə müraciət etdik və Azərbaycanla işğalçı Ermənistanın arasında müharibənin başlama ehtimalının nə dərəcə real olmasını dəqiqləşdirdik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu BAKU.WS-ə bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər: "Birincisi, prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına qon qoymayacaq.

İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur.

Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır.

Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan haradan mümkündürsə, muzdluları ordusuna cəlb edir, Rusiyadan silah və hərbi texnika toplayır, Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifəlilərin orduya çağırışı başlayıb".

Ekspert əlavə etdi ki, son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib: "Hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki bütün bu qanunsuzluqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır.

Bu arada, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlər diqqəti çəkir.
Köçəryan vaxtilə kitabında yazdığı bir fikri yenə təkrarlayıb: “Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uset şəhərciyində münaqişənin həllilə bağlı sazişi imzalamağa yaxın olublar”. Köçəryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın “müstəqilliyinə” yol açacaq sazişə imza atmaz.

Buna baxmayaraq, Robert Köçəryanın hazırkı baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Məsələn, Köçəryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Köçəryanın sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu riski anlamır. Köçəryanın fikrincə, Türkiyəni Cənubi Qafqazda saxalaya biləcək yeganə güc Rusiyadır. Ona görə də Köçəryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir. Köçəryanın bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər və vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir.

Robert Köçəryan Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” açıqlamasının yanlış olduğunu da bir daha səsləndirib. Köçəryan sual edir ki, “Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?” Paşinyanın bu məntiqsizliyini biz də vurğulayırıq.

Robert Köçəryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri də diqqəti cəlb edir: “Əgər Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq, bu halda mürəkkəb dağlıq relyefi də nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə artırmaq məcburiyyətində qalacağıq. Ona görə də, güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik, indiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək”.

Əslində Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir, Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır ki, təmas xətti daralsın və qarşı tərəfin hərbiçlərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun, bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil.
Hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır. Azərbaycan prezidentinin sözlərinə də istinad edərək əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya menaəsini də aşmalıyıq".

Politoloq Şəbnəm Həsənova isə BAKU.WS-ə qeyd etdi ki, Sorosun məhsulu olan Paşinyan rejimi təxribatlardan əl çəkmir: "Bu azmış kimi Ermənistan danışıqlar prosesinə tamamilə zidd olaraq beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarını kobud şəkildə pozur, Ermənistan hökumətinin ayırdığı maliyyə dəstəyi ilə Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. Nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır.

Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə bu, faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplomatlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdı. Bu isə ermənilərin adət etdiyi klassik bir metoddur. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil: "Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir.

Bütün bu təxribatlar fonunda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır. Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu da onları qorxuya salır, onlar psixoloji stress keçirirlər. Eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir. Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq.

Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir.

İstər Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti, istərsə də sərhəddə fasiləsiz təxribatlar törətməsi müharibə ocağının yenidən alovlanacağını istisna etmir. İqtisadiyyatı iflic vəziyyətində olan, beynəlxalq maliyyə qurumlarında maddi yardım dilənən Ermənistan üçün bu hal heç də ürəkaçan olmayacaq. Erməni xalqı onsuz da rəzil durumda yaşayır. Müharibənin olması onlar üçün fəlakət olar. Bundan əlavə, həm hərbi-texniki təchizat baxımından, həm də kadr baxımından yoxsul olan erməni ordusunu aprel döyüşlərindəki kimi yenidən darmadağın etmək güclü Azərbaycan ordusu üçün çətin iş deyil. Bu səbəbdəndir ki, uduzan yenə qarşı tərəf olacaq".

Orxan Hüseyn
BAKU.WS