SİZİN REKLAM BURADA!
055 213 76 73


Məlum olduğu kimi, 9 fevralda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Yanvarın 17-si saat 00:00-dan etibarən namizədlər təbliğat-təşviqat kampaniyalarına start veriblər.

BAKU.WS xəbər verir ki, seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Artıq bir sıra seçki dairəsi üzrə namizədlər arasında gərgin mübarizə başlayıb. Seçki dairəsi üzrə qeydiyyatda olan sakinlərlə ardıcıl görüşlər keçirən namizədlər müxtəlif təbliğat kampaniyasından istifadə edir.

Lakin, bəzi hallarda təbliğat-təşviqat kampaniyasının aparılması zamanı qanunun pozulması halları da müşahidə edilir. Redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə bir sıra məntəqələrdən namizədlərin təşviqat plakatları sökülüb. Məlumata görə, dünən Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin əməkdaşları ticarət obyektlərindən bəzi namizədlərin plakatlarını söküblər. Bu addımın səbəbi isə izah edilməyib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal və Texniki Xidmət Sahəsinin rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nömrədən zənglərə cavab verilməyib.

Mərkəzi Seçki Komissiyasına da məsələ ilə bağlı müraciət etsək də, iki gün ərzində cavab ala bilmədik.

Məlumat üçün bildirək ki, seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır.

Təşviqat kampaniyasında Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması, yayılması qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər.

Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət və ya bələdiyyə orqanlarında, idarələrində, təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq qadağan edilir. Həmçinin, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə də seçkiöncəsi təbliğat-təşviqat aparmaq səlahiyyəti verilmir.

Plakatlar dairə seçki komissiyasının təklifi ilə yerli icra qurumları tərəfindən öncədən müəyyənləşdirilmiş lövhələrdə yapışdırıla bilər. Bundan başqa, Seçki Məcəlləsinin 87.7-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Mülki Məcəllənin tələblərinə zidd yerləşdirilməsi qadağandır. Yəni, hər hansı obyektin sahibinin icazəsi olmadan plakat yapışdırmaqolmaz. Obyekt sahibi buna icazə verərsən, plakat yapışdırılması qanun pozuntusu hesab edilmir.

Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

BAKU.WS