İsrail Baş naziri Benyamin Netanyahu mayın 29-na qədər hökuməti formalaşdırmaq səlahiyyətini icra edə bilməyib.

BAKU.WS
xəbər verir ki, millətçi və dini partiyalardan koalisiya yaratmaq istəyən Netanyahu istəyinə nail ola bilməyib və parlamenti buraxmaq məcburiyyətində qalıb.

“Anadolu” agentliyinin məlumatına görə, 17 sentyabrda erkən parlament seçkilərinin keçirilməsi qərarlaşdırılıb. Bununla bağlı parlamentdə keçirilən səsvermədə 45 əleyhinə, 74 lehinə səs verilib.

Xatırladaq ki, 9 apreldə keçirilmiş seçkilərdə 120 mandatlı parlamentdə təkbaşına iqtidara gəlmək üçün lazım olan 61 mandatı heç bir partiya qazanmamışdı. Prezident Reuven Rivlin koalisiya hökuməti qurmaq səlahiyyətini Baş nazir Benyamin Netanyahuya vermişdi.

Koalisiya hökumətinin qurulmasına mane olan səbəb isə Ultra-Ortodoks (Haredi) yəhudilərinin hərbi xidmətə çağırılması ilə bağlı təklif olub. Belə ki, Aviqdor Liberman liderliyindəki İsrail Evimiz Partiyası bu təklifin qəbul ediləcəyi təqdirdə koalisiyaya qoşulacağını açıqlamışdı. “Şas” və “Yəhudi Birləşmiş Tövrat” Partiyası bu təklifə qarşı çıxdığı üçün Libermanın partiyası da koalisiyaya qoşulmaqdan imtina edib.

Nəticədə sağçı 5 partiyanın ümumi millət vəkili sayı 60 olub və 61 mandatlıq baryeri keçə bilməyib. Aparılan danışıqlar da heç bir nəticə verməyib.

Fərid Ədalət

BAKU.WS