SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tibb və sənaye sahəsində istifadə edilməsi üçün avadanlıq və digər məhsulların istehsalı və satışı ilə məşğul olan Almaniyanın "Karl Storz” şirkətinin məsul nümayəndəsi Stefan Dubnak rəsmi məktubla müraciət edib.
 
 
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, Stefan Dubnak təmsil etdiyi şirkətin adının "Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində iqtisadi və digər qanunsuz fəaliyyət növü ilə məşğul olan xarici dövlətlərin fiziki və hüquqi şəxslər, təşkilat və qurumlarının siyahısı” və həmin şirkətin Ermənistan və Gürcüstan üzrə meneceri Merab Mqaloblişvilinin adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxıarılmasını xahiş edib.
 
S.Dubnak məktubunda M.Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlığını bildirib.
 
Həmçinin, S.Dubnak məktubunda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.
 
S.Dubnak təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb edilməsinə və şirkət nümayəndəsinin qanunsuz səfərinə dair peşmançılıq ifadə edərək, şirkət tərəfindən həmin ərazilərdə bütün fəaliyyətin artıq dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.
 
Əlavə olaraq, M.Mqaloblişvili tərəfindən də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlayıb.
"Karl Storz” şirkəti və M.Mqaloblişvili müraciəti müvafiq qaydada nəzərdən keçirilib və şirkət və nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barəsində qərar qəbul edilib.
 
Şahin Həbibov
BAKU.WS