Azərbaycan XİN: "Qarabağla bağlı saxtakarlığa yol verilib"
Azərbaycan Xarici İşlər Nazirliyi "Nezavisimaya Gazeta”-da 19 avqust 2015-ci il tarixində Anton Yevstratovun "Колокольни и минареты Карабаха” adlı məqaləyə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib.
"Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır ki, bu da yalnız işğal və təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət mono etnik tərkibdir.
Ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki "tarixi” rolundan danışmaq cəfəngiyatdır".
H.Hacıyevin sözlərinə görə, ermənilər Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır: "Gəncəsar monastırı sırf "erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə "mənim alban xalqım” üçün ucaldılmış "Albaniya paytaxt məbədi” yazdırmışdı?
Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırıblar.
Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışıb. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilib.
Ümumiyyətlə, regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər".
XİN rəsmisi bildirir ki, çüəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilib: "Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal olunmuş Ağdam rayonundakı Cümə Məscidi və Şuşadakı Yuxarı Gövharağa Məscidi vandalizmə və təhqirlərə məruz qalıb.
Məqalədən göründüyü kimi müəllif qeyri-qanunu əsasda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu pozub və sifarişli əsasda Azərbaycanın tarixinin saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək", - deyə H.Hacıyev əlavə edib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərin öldürdüyü azərbaycanlılarla bağlı rəsmi açıqlama
Azərbaycan tərəfi Ukraynada öldürülən azərbaycanlılarla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə və Baş prokurorluğuna müraciətlər göndərib. Bu barədə BAKU.WS...