SİZİN REKLAM BURADA!
055 213 76 73


İrəvanda sıxışdırılmağa məcbur qalmış zadəgən nəslin nümayəndələrindən biri olan Ofelya Bağırbəyova başına gələnlərdən danışıb.

Onun babası, o dövrün xanı Əlixan Makinski həbs olunub, ölüm hökmü kəsilib. Lakin edam olunmamış xanın ürəyi partlayır, dünyasını dəyişir. Niyəsini soruşduqda Ofelya Bağırbəyova babasının türklərə yardım etdiyini və onları qoruduğunu və bunları da ermənilərin istəmədiyini qeyd edib.

Onun digər babası Abbasqulu İrəvanski də İrəvanda böyük quruculuq işləri aparıb, binalar, məscidlər tikdirib, bulaqlardan su çəkdirib. Ermənilər onu da ailəsi ilə birlikdə evindən didərgin salır, köçməyə məcbur edirlər. Gəncəyə, sonra Bakıya köçən Ofelya xanımın ailəsi böyük çətinliklərlə üzləşir. Zirzəmilərdə yaşamalı olurlar. Böyük sərvət və var-dövlətdən yalnız bir yaqut qaşlı üzük miras qalıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 10-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

BAKU.WS
VİDEO