SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bir qədər paralellər aparsaq, mən deyərdim ki, 10 dekabrda müstəqilliyimizi özündə simvolizə edən Azadlıq meydanında 44 günlük müharibədə şərəfli, ləyaqətli və parlaq qələbəmizə həsr olunan hərbi parad keçirilmişdisə, 26 fevralda Prezident İlham Əliyev Ali Baş Komandan kimi media paradı keçirmiş oldu. Həqiqətən, bu əsnada bütün xarici məkanda ölkəmizi təmsil edən səfirlər, diplomatik korpus təmsilçiləri daimi olaraq cənab prezident tərəfindən irəli sürülən fikirləri tezislər, məqalələr, dəyirmi masalalar, müxtəlif elmi dərgilərdə aktiv çıxış, efir məkanında yer almaq və bu məsələlərin tirajlanması, yayılması və daimi gündəmdə saxlanmasını etməlidirlər".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri qeyd edib ki, həqiqətən, cənab pezidentin mətbuat konfransında 4 saatdan artıq davam edən çıxışı yalnız 37 media quruluşu təmsilçiləri ilə deyildi, 54-ə qədər sual ətrafında yox, dünya ilə dialoq idi:

"Burada hamının sualları, yanaşmaları və müxtəlif xarakterli müraciətlərinə də cavab var idi. Ötən illər ərzində Azərbaycanın verdiyi vaxt çərçivəsində də hamı başa düşürdü ki, Azərbaycan savaşa atılmırsa, onların təxribatlarına müharibə qərarı vermirsə və torpaqlarının üzərindəki işğalçılığı hərbi vasitələrlə ortadan götürmürsə, bu, özü-özlüyündə güzəştli bir mövqedir.

Bununla yanaşı xarici media təmsilçiləri çox haqlı olaraq prezidentin çıxışının kontent analizlərini aparıblar, orada yer alan ifadələrin məna dərinliyinə baş vuraraq o ətrafda Azərbaycanın xarici siyasətinin şəklini, obrazını və əsas mahiyyətini dərk etməyə çalışıblar.

Həqiqətən də, Rusiyanın “Zvezda” kanalının müxbirinin sualı aşkar bir şəkildə göstərməkdədir ki, Ermənistanın bu savaş dövründə və ondan əvvəlki illərdə siyasəti nədən ibarət olub. Əgər biz Sarkisyan, Koçaryan dövrünü hərbi libaslarını siyasi mülki rəhbərliyə dəyişən cəlladlar adlandırırdıqsa, düşünmək olardı ki, mülki sistemdən gələn şəxsin dövrü bir qədər ayrı ola bilər. Təəssüflər olsun ki, Ermənistanda hakimiyyət dəyişsə də, mahiyyət, Qarabağ məsələsinə münasibət dəyişmədi və əksinə son dövrlər təxribatlar fonunda daha da azğınlaşmışdı".

"Buna görə Azərbaycan Prezidentinin qeyd edilən suallara cavabında hətta Ermənistanın nəinki bizim ölkəmizə münasibəti, o cümlədən müharibənin ilk günlərində “Sever” müqaviləsini xatırlatmaqla Türkiyəni bütün mənalarda qlobal savaşa çəkmək üçün onun Qərb dövlətləri ilə həssas münasibətlərindən yararlanıb müxtəlif tarixi dönəmlərdə imperiyaların ayaqlarının altında qaldığı kimi Türkiyənin bu məsələdə iştirakını addımbaşı vurğulaması sübut edirdi ki, bu ölkə öz siyasi boyuna, iqtisadi imkanlarına uyğun davranmır. Azərbaycan Ermənistanı həqiqi boyu və çəkisində göstərdi. Əsl ədalətli sülhü bizim ölkəmiz, ordumuz və Azərbaycan dövləti yaratdı. Ali Baş Komandanın dünya ilə müsahibəsi, dialoqu və media paradının əsas səbəblərindən biri bu idi.

Faktiki olaraq bu gün Ermənistanda yaşanan ordunun açıq siyasətə qarışması, generalların qiyamçılar tərəfə keçməsi, prosesin daha da böhran nöqtəsinə çatacağı təqdirdə ordu, kilsə, dövlət və diaspora arasında böyük savaşların meydana çıxacağına əsas verir. İrəvanda sabitliyi, bütövlükdə regionda davamlı sülhü təmin edəcək qüvvə yenə də Azərbaycan dövlətidir. Bu gün hər kəs görür ki, İrəvanın taleyi Bakıda həll olunur. Bunun obrazlı söz olmadığını çoxları başa düşür.

Ermənistanda iqtidar dəyişiləcəyi təqdirdə belə müharibənin nəticələrini təftiş edib geriyə döndərmək mümkün olmayacaq. Naxçıvana gedən yol – Zəngəzur dəhlizi işləyəcək, bölgədə açılım gedəcək. Azərbaycanın zəfərinin özünəməxsusluğu ondan ibarətdir ki, bölgədə təhlükəsizliyi, sülhü təmin edəcək bir qələbədir", - deyə Zahid Oruc vurğulayıb.

BAKU.WS