SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, barəsində cinayət işi açılmış və həbs-qəti imkan tədbiri seçilmiş German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova adlı şəxs tərəfindən Azərbaycanın işğal olunmuş Şuşa şəhərində "moda” təqdimatının keçirilməsi etnik və dini zəmində nifrət və təfriqəçiliyə xidmət edən növbəti təxribatçı addımdır".
 
BAKU.WS-in məlumatına görə, bunu Alyona Sterliqov tərəfindən işğal olunmuş ərazilərdə moda kolleksiyasının təqdimatının keçirilməsi ilə əlaqədar mətbuata açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 
 
Onun sözlərinə görə, əgər kimsə bu kimi uğursuz və cılız təxribatçı addımlarla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimi təşviq etmək məqsədi güdürsə, tamamilə yanılmışdır:
 
"Din siyasətdən kənar tutulmalı olduğu halda, Ermənistan və onun tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejim və onların əlində vasitə olan Sterliqov ailəsi dini siyasiləşdirməkdən belə çəkinmir və ekstremizm və dini zəmində nifrətə çağıran bəyanatlarla çıxış edirlər", - deyə XİN rəsmisi əlavə edib.
 
Xatırladaq ki, erməni işğalı altında olan Qarabağın Şuşa şəhərində rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatı olub. Moda nümayişi Cıdır düzündə baş tutub. Təqdimatda yerli sakinlər və turistlər iştirak edib. 
 
Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb. İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
 
ŞAHİN Həbibov
BAKU.WS