SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu gün parlamentin iclasında aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı erməni ordusunun çoxsaylı itkilərinə görə müdafiə nazirini və baş qərargah rəisini parlamentə çağırıb izahat istəməyi tələb edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Baqratyan erməni ordusunun itkilərinin heç də Rusiyanın Azərbaycana satdığı silahlara görə olmadığını deyib.

"Bizim ona görə bu qədər itkimiz var ki, əsgərimiz axşam saat 8-dən sonra heç nə görmür, çünki gecəgörmə cihazları yoxdur. Bizim ona görə bu qədər itkimiz var ki, orduda adi rabitə vasitələri çatışmır, əsgərlər bir-biri ilə mobil telefonla əlaqə saxlayır və nəticədə hədəfə çevrilir. Əsgərlər hələ də 25 il əvvəlki köhnə rabitə vasitələrini istifadə edir”-keçmiş baş nazir bildirib.
  
Qrant Baqratyan deyib ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti yarıtmazdır. "Siz hesab etmirsiniz ki, bu məsələ ilə lazımı qaydada məşğul olmalıyıq və müdafiə nazirini, baş qərargah rəisini izahat vermək üçün parlamentdə çağırmalıyıq?”-keçmiş baş nazir həmkarlarına üz tutaraq sual edib.  O bildirib ki, orduya ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərcləndiyini aydınlaşdırmaq üçün müdafiə naziri hesabat verməlidir.
 
Hakim partiyadan vitse-spiker Eduard Şarmazanov isə Baqratyana cavab olaraq onun narahatlıqlarını səmimi qəbul etdiyini deyib, ancaq bildirib ki, bu cür məsələləri belə müzakirə etmək düzgün deyil. Şarmazanov xatırladıb ki, aprelin əvvəlindəki döyüşlərdən sonra parlament qapalı dinləmələr keçirib, müdafiə nazirinin müavini dəvət olunub və bir çox məsələlər müzakirə edilib. "Müdafiə naziri bu məsələləri bizimlə müzakirə edərdi. Ancaq hesab etmirəm ki, məsələnin bu cür açıq müzakirəsi problemlərin həllinə imkan yaradacaq”. Vitse-spiker deyib ki, Baqratyan istəsə parlamentdə keçirilən hökumət saatında bu sualları müdafiə nazirinə ünvanlaya bilər, yaxud hakim partiya onun Seyran Ohanyanla ayrıca görüşünü təşkil etməyə də hazırdır.
 
BAKU.WS