12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Bizim.media-ya müsahibə verib.

Müsahibəni təqdim edirik: 

- Elmar müəllim, on yeddi ilə yaxın Azərbaycanın xarici işlər naziri olmusunuz. İki ildir, siyasətdən uzaqsınız. Hazırda Azərbaycan xəritəsinə, siyasətinə baxanda nələri görürsünüz?

- Mən Azərbaycan Xarici İşlər Nazirliyində 1983-cü ildən işləmişəm. O vaxt hələ SSRİ var idi. Ömür boyu XİN-də çalışmışam. Müstəqillik illərində Azərbaycan Respublikasının xaricdə açılan ilk nümayəndəliyi Nyu-Yorkda idi. Mən də ilk diplomatlardan biri idim. O vaxt vəziyyət çətin idi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlamışdı. Biz isə səfirlə birlikdə cəmi beş nəfər idik. Hələ o vaxt sözügedən məsələni müzakirə üçün BMT Təhlükəsizlik Şurasında qaldırdıq. Orada çalışarkən bir il ərzində TŞ-də dörd qətnamə qəbul edildi. Sonra Prezident böyük etimad göstərdi və məni 2004-cü ildə xarici işlər naziri təyin etdi. Gün ərzində işimizin 90 faizi işğal edilmiş torpaqlarımıza aid idi.

Şükürlər olsun ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 illik işğala son qoyuldu. Azərbaycan Ordusu rəşadət göstərdi, dünya hərb tarixinə adını həkk etdirdi. Burada Azərbaycan diplomatiyası da böyük uğur əldə etdi, 44 gün ərzində elə bir ölkə olmadı ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. 

Mən Prezidentin bir çox görüşlərində şəxsən iştirak etmişəm. Elə bir görüş yox idi ki, o, Qarabağ məsələsini qaldırmasın. Azərbaycan torpaqları işğal altında idi, bir milyon qaçqın və məcburi köçkün var idi. Hər görüşdə bu məsələ diqqətdə saxlanılırdı, dövlət başçımız beynəlxalq təsisat rəhbərlərinin, supergüclərin birbaşa üzünə bu həqiqətləri deyir, onu görməzdən gələnlərdən hesab sorurdu. Ermənilər elə düşünürdülər ki, münaqişənin üstündən 30 il keçib, əhəmiyyətini itirib, 50 il keçsə, daha heç kim xatırlamayacaq. Amma Azərbaycan Prezidenti prinsipiallıq nümayiş etdirərək, böyük siyasi iradə ortaya qoyaraq ölkəmizi Böyük Zəfərə qovuşdurdu. Ədalət bərpa olundu, regionda yeni reallıq yarandı.

- İki ildən artıqdır ki, müharibə bitib. Ortalıqda münaqişə yoxdur. Hazırda sülh müqaviləsi üçün işlər görülür, amma... 

- Azərbaycanın mövqeyi aydındır, siyasi iradəsi var. Dövlətimiz də, xalqımız da sülh müqaviləsini istəyir. Delimitasiya, demarkasiya işlərini bir an bitirib, sərhədlərimizi dəqiqləşdirmək fikrindəyik. Amma iki il keçib, ermənilər vahid düşüncəyə sahib ola bilmirlər. İki il ərzində döyüşlər ara-sıra davam edir. Delimitasiya, demarkasiya yoxdursa, deməli, sərhəd yoxdur.

Sülhə məcburetmə yolları var, amma Azərbaycan hələ səbir edir. Bir şey var ki, səbrin də bir həddi var, 30 il gözlədik, sonra torpaqlarımızı azad etdik, bunu da istənilən vaxt həyata keçirə bilərik. Şərtləri Azərbaycan diktə edir.

- Bir də Azərbaycanın hədəfində Zəngəzur dəhlizi var. Təəssüf ki, dediyiniz kimi, delimitasiya, demarkasiya, sülh müqaviləsi yoxdur deyə Zəngəzur dəhlizinin açılması da gecikir. Bu dəhliz barədə düşüncələriniz necədir? 

- Bu dəhliz ermənilərin milli maraqlarına daha uyğundur, onlara böyük faydası olacaq. Biz bunu əvvəllər də erməni tərəfinə təklif edirdik. Mən xatırlayıram ki, Ermənistan tərəfi ilə müzakirə edəndə hər zaman bir arqumentdən istifadə edirdim. Deyirdim ki, bu, sizin üçün maraqlı olmalıdır. Siz dalandasınız. Təklif edirik ki, gəlin yolları açaq ki, bir az inkişaf edəsiniz. Azərbaycan, onsuz da, inkişaf edəcək.

Enerji baxımından öz siyasətimizi qurmuşuq. Bakı-Tbilisi-Ceyhan işləyir, yeni qaz kəməri də işə düşüb. Yəni biz öz işimizi görürük. Ona görə də ermənilər vaxtında anlamalıdırlar ki, onsuz da, bir çox layihələrdə gecikiblər, heç olmasa, bu şansı əldən verməsinlər. Zəngəzur dəhlizi həm də regional təhlükəsizlik, stabillik üçün böyük önəmə sahibdir.

- Rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən ermənilərin Azərbaycana qarşı təxribatları olur. Azərbaycan Müdafiə Nazirliyi son zamanlar, demək olar ki, hər gün bu barədə xəbərlər verir. Onlara da xəbərdarlıqlar olunur. Sizin fikrinizcə, Rusiyanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə marağı nədən ibarətdir? O, Qafqazda sülh istəyir, ya münaqişə?

- İqtisadi baxımdan, əlbəttə ki, Rusiya üçün yeni tranzitin açılması önəmlidir. Yüklər Hindistandan, Çindən birbaşa körfəzə gəlsin, oradan İran vasitəsilə Azərbaycana və keçsin Rusiyaya. Bu baxımdan Rusiya üçün münaqişə deyil, sakitlik, stabillik önəmlidir. Amma bunun necə icra olunması məsələsi sual altındadır. Maraqların toqquşduğu məqamlar var. Rusiya iqtisadi proseslərə nəzarət etmək potensialını, yeni düşüncə tərzini özündə hiss etmir. Ona görə də yenə əl atır köhnə metodlara, ona hərbi nəzarət prinsipi, münaqişə faktorları daha doğmadır. 

- Hazırda Qarabağda Ruben Vardanyanın adı və özü var. Vardanyanın kirli keçmişi, yəqin ki, sizə də məlumdur. Qondarma qurumun qondarma baş naziri olub. Ruben Vardanyanın Qarabağda olması yeni münaqişəyə yol aça bilərmi?

- Vardanyan Rusiyanı tərk edərkən vətəndaşlıqdan imtina edib. Fikir vermisinizsə, Rusiyanı tərk edən milyarderlər oldu. Onların hamısının pulları zorla ələ keçirilir. Vardanyanın pulları isə bu aqibətlə üzləşməyib. Bu özü maraqlı bir faktdır, çox şey deyir, arxasında kimin durduğu da bəllidir. Amma bir nəfərin gəlib nəyisə dəyişəcəyinə heç kim inanmır və bu mümkün deyil, təzyiq vasitəsidir.

Çox təəssüf ki, bunlar hələ də köhnə metodlardan əl çəkə bilmirlər. Vardanyan deyir ki, Qarabağ Ermənistanın vilayəti olmaq istəmir. Azərbaycandan da imtina etməyə cəhd edirlər, bu, mümkün olmayacaq, regionda Azərbaycanın yaratdığı yeni reallıq var və bununla hesablaşmaqdan başqa yol qalmayıb. Bunlar beynəlxalq hüququn bir prinsipindən yararlanmağa cəhd edirlər, erməni bicliyi işlədib “Dağlıq Qarabağ xalqı” adlı bir qondarma anlayış ortaya qoymağa çalışırlar. Əvvəla, bu toplumun içində sayı daha çox olan azərbaycanlılar da var, ikincisi, belə bir məfhum artıq yoxdur. Var Qarabağ, var Şərqi Zəngəzur. Azərbaycan bütün köhnə anlayışları iki il bundan qabaq tarixin arxivinə göndərib. 

- Bildiyiniz kimi, Azərbaycan-İran münasibətləri də əvvəlki kimi deyil. Siz də iranlı həmkarlarınızla uzun illər işləmisiniz. İranın bu gün Azərbaycandan istəyi, Zəngəzur dəhlizinin reallaşmaması üçün atdığı addımların məqsədi nədir?

- Mən işlədiyim müddətdəki insanlar tam ayrı fikirdə idilər. Onlar düşünürdülər ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. O vaxt, çətin də olsa, Təbrizdə Azərbaycan konsulluğunu açdıq. Mən Təbrizdə olanda Xamenei yaxşı bir söz işlətdi. Dedi ki, “Baba, sən biləsən, bütün inqilablar Təbrizdən başlayır”. İndi bilmirəm, bu inqilab olacaq, ya olmayacaq, amma İran hökuməti tam şəkildə qəbul etməlidir ki, dəyişikliklər, islahatlar aparılmalıdır. Dəyişiklik Azərbaycanla əlaqələri korlamaq deyil, o, içəridə olmalıdır. Onlar özləri analiz etməlidirlər, vaxt çatıb.

- Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin önəmi, dünyaya mesajı barədə nə deyə bilərsiniz? 

- Cənubi Qafqazda Türkiyənin rolu günü-gündən artır. Şuşa Bəyannaməsi də bu aspektdən çox böyük mesajdır. O cümlədən bizim qonşularımıza da. Artıq Türkiyə 1970-80-ci illərin Türkiyəsi deyil, böyük gücdür. Bu, birlikdir, bütövlükdür, gələcəyimizin qarantıdır. Türkiyəyə, onun rəhbərliyinə bu prinsipial mövqeyə, dəqiq siyasi iradəyə görə minnətdarıq. Qardaşın qardaşa borcu olmaz, təbii, təşəkkürlərimiz böyükdür. 

- Türk dövlətlərinin birləşməsi prosesi gedir. Biz bunu iqtisadi, siyasi əlaqələrdə daha yaxşı görürük. Amma məsələyə münasibət birmənalı deyil, sizcə, proseslər hansı istiqamətdə inkişaf edəcək? 

- Türkdilli ölkələr Türkiyə ilə iqtisadi, siyasi, həm də hərbi baxımdan daha sıx əlaqələr quracaqlar. SSRİ dağılandan sonra beynəlxalq aləmdə münasibətlər sual altında idi. ABŞ və Avropa deyirdilər ki, bütün dünyanı demokratiya ilə idarə edəcəyik. Amma alınmadı, bu ideya fiaskoya uğradı. İndi dünya dəyişib, başqa maraqlar və prinsiplər ortaya çıxıb. Ona görə də yeni düzənə bir türk sivilizasiyası kimi hazır olmalıyıq. 

Əgər kimsə türkdilli ölkələri birləşdiklərinə görə qorxutmaq istəyirsə, bu, mənasızdır, o zaman ötdü. Ətrafda olan ölkələr də bunu anlayırlar. Türk dövlətləri artıq dünya arenasında yeni bir güc mərkəzidir. Əgər biz istəyiriksə ki, Türkmənistandan Azərbaycan vasitəsi ilə Türkiyəyə qaz kəməri çəkək, kim buna mane ola bilər? 

- Elmar müəllim, siyasətdə yeni bir ifadə var. Yəqin ki, siz də eşitmisiniz: “gücün hüquqdan üstün olduğu bir dünyadayıq”. Həqiqətənmi güc hüquqdan üstündür?

- Bu hər zaman belə olub, dünya həmişə belə idarə edilib. 

- Gücdən danışmışkən: necə düşünürsünüz, Azərbaycan nə vaxtsa NATO-da təmsil edilə bilərmi? Üzvlük məsələsini nəzərdə tuturam. 

- Hələ baxaq görək, NATO qalacaq, ya yox? Görək, onun öz gələcəyi necə olacaq? NATO-dan başqa digər beynəlxalq təşkilatlar – ATƏT, BMT də həmçinin. Gərək hamısı böyük bir islahat keçirsinlər, dünyada vəziyyət dəyişib, heç kim köhnə prinsiplərlə yaşamaq istəmir. 

- Qayıdaq bir daha Azərbaycanla Ermənistanın münasibətlərinə, necə düşünürsünüz, sülh müqaviləsi tezliklə imzalanacaqmı?

- Hər şey ermənilərdən asılıdır. Görək, Paşinyan sülhü xalqına necə təqdim edəcək? Yəqin ki, Paşinyan özü bilir, erməni xalqı, Ermənistanda yaşayanlar yorulublar. Siz torpağı götürüb göyə qalxa bilməzsiniz ki?! Yaxşı qonşuluq Ermənistanın inkişafı üçün ən önəmli faktordur. 

- Uzun illər nazir oldunuz. Bir çox ölkələrdən dostlarınız var. Keçmiş həmkarlarınızla əlaqələriniz davam edirmi? 

- Mövludla (Mövlud Çavuşoğlu - red.) əlaqədəyik. Mən zəng edirəm, o zəng edir, mesajlaşırıq. Bir-birimizi qardaş adlandırırıq. Dost yox, qardaş. Digərləri də var. Adlarını çəkmək istəmirəm. Əfsuslar olsun ki, Belarusun XİN başçısı bu yaxınlarda həyatını itirdi. Çox yaxşı adam idi. 

BAKU.WS