15 yaşında ərə verilən qadın: “Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq” - FOTO

15 yaşında ərə verilən qadın: “Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq” - FOTO
Foto
Siyasət 726

“15 yaşımda ərə verməsəydilər, bəlkə də təhsil alardım. Qarşıma daha düzgün insanlar çıxardı. İndi övladlarıma baxmaq üçün də bu qədər əziyyət çəkməzdim. İnsan ailəsinin sözündən çıxa bilmir, onlardan gələn ziyanı da vaxtında görə bilmir”.

Bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbəti zamanı həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadınlardan biri 1989-cu il təvəllüdlü Ləman Abdullayeva (Ad, soyad şərtidir) deyib. O deyir ki, ailədə bir bacı, bir qardaş olublar. Əslində mehriban, sakit ailədə böyüyüb. Hər şey atasının dostu onu görüb oğluna almaq istəyəndən sonra başladı.

“Mənim o zaman 15 yaşım var idi”

Ləman deyir ki, atasının Rusiyada yaşayan dostlarından biri onlara qonaq gələn zaman onu görüb:

“Uşaq vaxtlarımdan evimizdə bu söhbətlər gedirdi. Deyirdilər ki, qızınızı oğlumuza alacağıq. Mən 15 yaşıma çatanda atamın dostu oğlu ilə rayona gəlmişdi. Oğlan bizim evimizin yanındakı evdə usta işləyirdi. Məni də o ərəfədə məktəbə gedib gələndə görüb, bəyənmişdi. O vaxt onun 26 yaşı var idi. Evlənmək üçün xanım axtarırdı. Atam da mənə dedi ki, yaxşı oğlandır, dostumun oğludur, namaz qılır, düzgün adamdı. Səni ona ərə verəcəyəm. Evin tək qızı olduğum üçün uzağa getməyimi istəmirdi atam. Onların da evi bizə yaxın idi. Oğlan özünü bizim ailəmizə o qədər mərifətli, qanacaqlı göstərmişdi ki, biz onu tanıya bilmədik. Ailə qurandan sonra hər şey dəyişdi. Elə bil ki, oğlan həmin adam deyildi”.

Ləmanın yaşı az olduğu üçün övlad məsələsində problem yaşayıb, buna görə də qayınanası tərəfindən təzyiqlərə məruz qalıb.

“Toyun sabahı məni döydülər...”

Qadın deyir ki, onu ancaq tənqid edirdilər, təhqir edirdilər, sakitcə qulaq asırdı ki, yəqin, belə olmalıdır:

“Qayınanam hər şeyi söz edirdi. Mən də cavab qaytarmırdım, düşünürdüm ki, təzəyəm, belə olmalıdır. Ailədə söz-söhbət düşməsinə heç bir səbəb olmurdu. Hər şeydən səbəb çıxarırdılar. Elə toyumuzun sabahı yoldaşım məni döydü. Stolun üstündə bir şey əskik olsun, bir şey əyri qoyulsun, onu da mübahisə üçün səbəb edirdilər. Yoldaşım 4-5 ay Rusiyada işləyirdi, sonra evə gəlirdi. 15 yaşımda hər işi mükəmməl görə bilməzdim, bir şeyi səhv edən kimi təhqir edirdi. Mənə deyirdi, səni almışıq, atan-anan da dolanışığımıza kömək etsin. 18 yaşıma qədər bir az səbr etdim. Nəhayət, ilk övladım dünyaya gəldi. Düşündüm ki, övlad sahibi olduqdan sonra hər şey qaydasına düşər. Amma heç nə düzəlmədi”.

Ləman deyir ki, çox sonra qayınatası onun bu qədər zülmə səbirlə yanaşmasına təəccüb etdiyini deyirdi.

“Yoldaşım 11 il müddətinə həbs edilmişdi”

Qəhrəmanımızın həyat yoldaşı Rusiyaya işləməyə gedir və oğurluq etdiyi üçün orada məhbus həyatı yaşayır:

“Rusiyada oğurluq üstündə saxlanılanda mənə zəng etdi. Dedi ki, məni həbs edirlər, sən məni gözləmə, həyatını qur, boşan məndən. 11 il iş kəsiblər, mən qayıdanda heç uşaqlarım məni tanımayacaq. Mən isə "narahat olma, gözləyəcəyik səni" dedim. Dəfələrlə zəng edib, acılayıb, amma mən getməmişəm. 11 il mən yoldaşım olmadan anasının yanında oturmuşam. Nəhayət, anası mənə dedi ki, dur get atanın evinə. Mən də çıxdım gəldim atamgilə. O, həbsdə olanda onun təkidi ilə iki dəfə ərizə verdim boşanmaq üçün, amma boşanmaqdan imtina etdi. Zəng edib dedi ki, sənsiz qala bilmərəm, uşaqlarım olmadan yaşaya bilmərəm”.

2020-ci ildə həbsxanadan çıxdıqdan sonra Ləmanı götürmək üçün qayınatasının evinə gəlib. Anasının yanında qalmayacaqlarını deyərək Ləmanı və uşaqları götürüb aparır:

"Uşaqları qarşısına qoyub qorxudurdu: "mən deyəni etməsəniz, sizi öldürərəm"

Ləman deyir ki, uşaqları atalarından qorxurdular:

“Mənə dedi ki, uşaqları mənə verəcəksən. Mən də dedim ki, uşaqlar səni istəmir. 11 il uşaqlara özüm tək baxmışam, görmək istəyirsənsə, gəl, nə qədər istəyirsən gör. O isə əsəbiləşib pəncərəni sındırıb vurdu başıma. Başıma yeddi tikiş qoydular. Ağzım, burnum qan içində qaldım ortada. Tez anamı səslədim ki, kömək etsinlər. Atam, qardaşım da səsə gəldi, bizi ayırdılar. Mən polisə zəng edib şikayət etdim. Atam-anam qarşımı kəsdi ki, rayon yeridir, söz-söhbət olacaq. Camaat deyəcək 11 il həbsdə qalıb yenə həbsə göndərdilər, etmə. Məni uşaqlarla qorxudurdu ki, onları əlimdən alsın, mən də geri qayıdım”.

Uzun müddət həyat yoldaşı nəinki Ləmana və uşaqlarına, eləcə də Ləmanın ailəsinə də ziyan vururdu. Hüquq-mühafizə orqanlarına şikayət verib sonra geri götürdüyü üçün artıq rayon yerində onları problemli ailə kimi görürdülər.

Ləman deyir ki, uşaqlarına atalıq etmək yerinə, məktəbə gedib taxta ilə uşaqlarını qovub, qorxudurdu:

“Mən son şikayətimi yoldaşımın anasına görə geri çəkdim. Bir övlad itirmiş ana idi. O biri övladı da 11 il həbs yatıb. Yalvardı ki, oğlumu yenidən həbsə atmasınlar, dözə bilmərəm. Səndən də, uşaqlardan da uzaq olacaq. Yazığım gəldi, şikayəti geri çəkdim. Amma heç nə vəd olunan kimi olmadı. Yenə bizə qarşı nalayiq sözlər deyib, alçaq hərəkətlər etməyə başladı.

Gördüm ki, rayonda qala bilmirəm, uşaqları da götürüb çıxdım rayondan. İki qızımı da götürüb uzaqlaşdım. Rəsmi olaraq boşanmışam, amma aliment kəsdirməmişəm. Mənə lazım olan tək şey odur ki, qızlarımı can rahatlığı ilə böyüdüm”.

“Mənimlə evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq”

Ailəsini dağıdan məqamlardan biri də yoldaşının həyatında başqa qadının olduğunu deyən Ləman artıq baş verənlərlə barışdığını dedi:

“Bu qadın bizim qonşuluğumuzda qalırdı. Mən həyətimizə çıxanda fotolarımı çəkib atırdı yoldaşıma. Bir dəfə mən onunla dalaşdım. Dedim adam ailə dağıdan olmaz, səhv hərəkət edirsən. O qadının ata-anası bizim söhbətimizi eşitdi. Ailəsi gəlib onu döydü ki, sən camaatın ailə problemlərinə niyə qarışırsan?! O da ailəsinə deyib ki, guya mən yoldaşımdan əl çəkmirəm. Yoldaşım məndən boşanan kimi onu alacaq, uşaqlarını da qəbul edəcək. O xanım bir dəfə ailəli olub, ayrılmışdı. Həbsə düşməkdən qorxduğu üçün yoldaşım onlardan kömək istəmişdi. Sonra mən şikayətimi geri götürəndən sonra, o qadına deyib ki, daha səni alası olmadım. Ondan sonra aləm dəydi bir-birinə. O qadının ailəsi də getdi ondan şikayət etdi”.

“Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəyəm”

Ləman iki qızını böyütmək üçün çalışacağını deyir:

“Bu gün tək fikrim qızlarımdır. Şirniyyat bişirə bilirəm. Əl qabiliyyətim var. İş tapıb öz dolanışığımı təmin etmək istəyirəm. Qızlarımı oxudacağam. Yenidən ailə qurmaq istəmirəm. 11 il tək uşaq böyütmüşəmsə, bundan sonra da böyüdə bilərəm. Həm də iki qız övladıdır, onlara gözüm kimi baxıram. Mənə də, onlara da üçüncü bir insan lazım deyil. Bu gün mən başıma gələnlərə görə ailəmi qınayıram. Məni 15 yaşında ərə verməklə həyatımı məhv etdilər. Bir Allah bilir ki, nə zülm çəkmişəm. Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəm. Onlar bu həyatda daha yaxşı insanlarla qarşılaşacaqlar. Mənim ailəm məni qoruya bilmədi, səhv qərar verdilər. Amma mən öz övladlarımı qoruyacam”.

Son xəbərlər