Cinsini dəyişmək istədi, narkotikə qurşanıb Bakını tərk etdi
BAKU.WS Kulis.az-a istinadən estrada müğənnisi Samir Bağırov haqqında maraqlı faktları təqdim edir.
Samir Rafiq oğlu Minullin 1967-ci il avqustun 21-də Bakı şəhərində anadan olub. O, tatar əsilli atasının deyil, ata nənəsinin soy adından istifadə edir. 126 nömrəli orta məktəbdə oxuduğu zaman bir çox festival və müsabiqələrdə iştirak edir. Orta məktəbi bitirdikdən sonra Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının klassik vokal şöbəsinə daxil olur.
***
Konservatoriyada təhsil aldığı müddətdə sovet ordusuna hərbi xidmətə çağırılır və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edir. Hərbi xidməti Ukraynada başa vurur. Hərbi xidməti başa vurduqdan sonra konservatoriyada təhsilini davam etdirir, ilk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayır.
1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi Bakı payızı müsabiqəsində laureat olub. Yarışda musiqisi və sözləri Əzizə Mustafazadəyə aid olan "He Улетай" və bəstəsi Mikayıl Vəkilov, sözləri Malik Fərruxa aid olan "İnanıram" adlı dueti Sevil Hacıyeva ilə birlikdə səsləndirir. Məhz "İnanıram" adlı duetə görə xüsusi mükafata layiq görülür.
***
Yaltada keçirilən müsabiqədə ikinci yeri tutandan sonra məşhur rus bəstəkarı İqor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir. Hər iki mahnı "Pervıy kanal" və "RTR" kimi kanallarda tele-konsertlərdə ifa olunur. 1992-ci ildə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə MDB-nin 10 ən məşhur mahnısından biri olub. Məhz bu uğurlardan sonra Alla Puqaçovanın yaratdığı teatrdan Samir Bağırova təklif gəlir. Lakin bir il sonra həmin teatr dağılır və Samir Polad Bülbüloğlunun xahişi ilə vətənə qayıdır. Yəqin ki, Samir ən böyük səhvini Polad Bülbüloğlunun sözünə qulaq asdığı an etmişdi.
Samir ilk dəfə 1993-cü ildə "Respublika" sarayında solo konsertini keçirir və həmin konsertdə Eldar Mansurov və Zaur Abdullayevin mahnıları səslənir. 1996-cı ildə Samir ikinci dəfə Respublika sarayında "Мы так любим друг друга" adlı solo və "Samir Bağırov və dostları adlı" konsertlər verir. 90-cı illərdə keçirilən "Asiya Dausı" adlı müsabiqəsinin fəxri qonağı kimi yarışmaya dəvət olunur. Həmçinin müğənni 90-cı illərin sonunda Musiqili Meydan mahnı yarışmasında Murat Nasırova qalib gəlir.
***
90-cı illərdə Samir Bağırova ən böyük uğuru musiqisi və sözləri Zaur Abdullayevə məxsus olan “Taleyin oyunu” adlı mahnı gətirir. Məhz bu mahnı ilə o, daha çox tanınmağa başlayır.
2000-ci illərin əvvəlinə qədər Samir Bağırov müxtəlif janrlarda mahnılar ifa edir. 2007-ci ilin sonunda isə müğənni səhnələrdən bir müddət uzaqlaşmağı qərara alır. Müxtəlif şou-proqramlarda çıxış etsə də, televiziyalardan yox olması ilə medianın gündəmindən düşmür. Müğənni özü isə səhnələrdən getməsinin əsas səbəbini heç kəsə açıqlamasa da jurnalist Seymur Zakaryayevə verdiyi müsahibələrdən birində maqazin proqramlarında baş verən qalmaqalların və səhnələrdə baş verən dəyişikliyin onun yaradıcılığına mənfi təsir göstərdiyini vurğulamışdı.
***
Elə bu illərdən etibarən Samir Bağırovun başında qara buludlar dolaşmağa başlayır. Narkotik, homoseksualizm və başqa söz-söhbətlər onun yaradıcılığına, populyarlığına, sənətinə təsirsiz ötüşmür.
***
O, Azərbaycan şou-biznesini elə bir yerdən başlatmaq istəyirdi ki, o yerə dünya sarı-sarı hadisələrin içində boğula-boğula gəlib çıxmışdı. Samir bütün yükü çiyninə alıb ilan zəhəri kimi sarı mətbuatın, çirkabın içinə atıldı, plastikası ilə bir Şərq ölkəsinin ağır cədli şəhərində gey, homoseksual adlarını daşımalı olan, onun tənəsinə dözən ilk məşhur oldu.
Bağırovun yaradıcılığına təsir edən müğənnilər arasında Alla Puqaçova, Müslüm Maqomayev, Rəşid Behbudov, Vitni Hyustonu göstərmək olar. Verdiyi müsahibələrində daima Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. 90-cı illərdə verdiyi bir müsahibələrdən biri isə Vitni Hyustonla bağlı olur ki, müğənni onu "Pop musiqisinin fenomeni" adlandırır.
***
Samir narkotikə qurşanır. Özü müsahibələrinin birində deyir:
“Narkotikə əlvida demək mənə asan başa gəlmədi. Bunun üçün uzun müddət Moskvada müalicə olundum. Mən müalicəyə gedəndə səbəbini heç kimə demədim, gizlədirdim. Axı necə deyə bilərdim ki, mən narkotik asılılığından müalicə almağa gedirəm? Mənim tamaşaçılara deyəcək sözüm olmadı. Amma eşitdim ki, gedişimi bir çox səbəblərə bağladılar. Guya mən Rusiya şou-biznesini fəth etmək üçün vətənimi tərk etmişəm. Amma əsl həqiqət məndə idi, mənimlə bağlı idi. Mən isə bunu deyə bilmirdim. Çox dəhşətli, çox ağır günlər idi. Mən indi ona qayıtmaq istəmirəm, o günləri beynimdən silmək istəyirəm. Moskvada ekstrasens yanında getdim. Dedim, mən yaxşı adamam, heç kəsə pislik eləmirəm, əminəm ki, istedadım da var, bəs Allah mənim şou-biznesə gedən qapılarımı niyə açmır? Ekstrasens mənə dedi, şou-biznes Allahın deyil, şeytanın meydanıdır, orada at oynatmaq üçün yaxşı yox, pis adam olmalısan”.
Samir isə israrla vətəndə - Azərbaycanda qalmağı düşünür. Hərçənd anası ABŞ, bacısı Hollandiya vətəndaşıdır. Samirin də bütün keyfiyyətləri, düşüncələri çoxdan Qərbdə yuva salıb, Qərb vətəndaşıdır.
***
Samir Bağırov özü haqqında deyir: "Mən Azərbaycanda ayağımı qapıdan çölə qoyan kimi artıq iş başında oluram. Mənim işim qapımın kandarından başlayır".
***
Çoxları iddia edir ki, Samir Bağırov cinsini dəyişərək qadın olub. Ancaq müğənni özü bu fikirlərə belə münasibət bildirir:
“Bəlkə də, danışan şəxslər istəyirlər ki, mən əməliyyat olunum. Kim bilir, bəlkə də, 50 yaşından sonra gedib əməliyyat elətdirib, qadın olaram, Bülent Ersoy olaram. Bəlkə də, şou-biznes üçün belə bir proyekt işləyib, qadın olardım. Amma sadəcə bir proyekt! Bəlkə də, güclü bir sponsor olsaydı, vaxtında mən bu əməliyyata imza atıb, qadın olardım. Sənətim xətrinə bu sensasiyanı edərdim”.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...