Rasim Balayev Rüstəm İbrahimbəyovu niyə əvəz etmək istəmədi?

Rasim Balayev Rüstəm İbrahimbəyovu niyə əvəz etmək istəmədi?
Mədəniyyət 153

“Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizəd olmağımla bağlı təklif alanda razılaşmaq istəmirdim. Dedim ki, özümü yaxşı hiss etmirəm”.

BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Xalq artisti, məşhur aktyor, ittifaqın katibi Rasim Balayev deyib.

O, sədr seçildikdən sonra görəcəyi işlərlə bağlı danışmaq istəməyib:

“Hələ o məsələlər barədə düşünmürəm”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında mümkün əməkdaşlığa gəlincə, R.Balayev hesab edir ki, ölkəmizdə iki kino təşkilatının olması çoxdur:

“O boyda Rusiyada cəmi bir kino ittifaqı var. Yəni burada da bir dənə olmalıdır. O vaxt müəyyən xırdalıqlar, səbəblər oldu deyə parçalanma baş verdi. İndi bu iki ittifaq birləşməlidir. Necə birləşəcək, nə təhər olacaq, onu mən bilmirəm. Amma nə vaxtsa birləşməlidir. İndi Azərbaycanda kino sıfır vəziyyətindədir, amma iki kino ittifaqı var. Bu nə deməkdir? Rəssamlar İttifaqı, Yazıçılar Birliyi bir dənədir. Kino sahəsində də bir ittifaq olmalıdır. Zaman hər şeyi gətirib yerinə qoyacaq”.

R.Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında əlaqənin, demək olar ki, olmadığını söyləyib:

“Kino Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamı var. Yəqin ki, yeni qurum tam formalaşdırılandan sonra Kino Agentliyi ilə bizim ittifaq arasında əlaqələr qurulacaq”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdil qərarla ittifaqın sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb. Mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-dək olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.

Son xəbərlər