Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür
Mədəniyyət 182

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.

BAKU.WS xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümü tamam olub.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb.

Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb.

O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib.

Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr verib.

1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb.

O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-cı ildən isə AMEA-nın həqiqi üzvü olub.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub.

1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib:

"Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır.

Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb.

Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib.

Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib.

O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu.

Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.

Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

Son xəbərlər