Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.
BAKU.WS xəbər verir ki, əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub.
1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ. Volker, X. Risal, İ. Taufer və başqa tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə musiqi bəstələnib ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Mükafatına layiq görülüb..
Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
Sami Yusif: İngiltərə pasportum olsa da, mən azərbaycanlıyam
Böyük Britaniyada yaşayan dünyaca məşhur müğənni Sami Yusif İstanbulda baş tutacaq konserti öncəsi maraqlı açıqlama verib. BAKU.WS xəbər verir ki, sənətçi yeni...
