Bu gün istiqlal şairi Əhməd Cavadın vəfatından 87 il ötür
Bu gün şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın anım günüdür. Onun vəfatından 87 il ötür.
Axundzadə Cavad Məhəmmədəli oğlu 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub.
1906-1912-ci illərdə Gəncə ruhani seminariyasında, 1922-1927-ci illərdə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
O, 1920-1922-ci illərdə Quba Xalq Maarif Şöbəsinin müdiri, 1930-1933-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, 1935-1936-cı illərdə isə "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləyib.
Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı, 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.
1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.
Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq sovet totalitarizminin qurbanına çevrilmişdir.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub. O elə həmin ilin oktyabrın 12-də vəfat edib.
Prezident İlham Əliyev vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, milli operamızın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 76 il ötür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 1...