Məhsəti Gəncəvi Azərbaycan xalqının kimliyinin, qədim mədəniyyətinin, tarixinin simvollarından biridi

Məhsəti Gəncəvi Azərbaycan xalqının kimliyinin, qədim mədəniyyətinin, tarixinin simvollarından biridi
Mədəniyyət 20

Filmin müəllifi kim olur olsun, Məhsəti Gəncəvi Azərbaycan xalqının kimliyinin, qədim mədəniyyətinin, tarixinin simvollarından biridir. XI əsrdə azərbaycanlı qadının yaradıcılığı ilə tanınması Azərbaycan xalqının qadına olan hörmətini, qadının ictimai həyatda oynadığı rolu göstərir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Məhsəti Gəncəvinin əsərləri bu gün də sevilərək oxunur:

"Ona görə də, onun haqqında film ancaq Azərbaycan qadınının obrazının yüksəldilməsi, onun şəxsiyyətinin zənginliyi, Azərbaycan mədəniyyətinin bütün parlaqlığı ilə çəkilməlidir. Filmdə həmin dövr Azərbaycan dövlətçiliyi, ictimai münasibətlər, ədəbiyyatın inkişafı göstərilməlidir".

Aydın Mirzəzadə qeyd edib ki, Nizami Gəncəviyə qədər Azərbaycanda 40-a qədər tanınmış yazıçı və şair olub:

"Məhsəti Gəncəvi də onlardan biridir. Başqa bir xalq göstərin ki, belə zəngin ədəbi tarixi var və biz yaradıcı adamlardan bəhs edən filmlərdə mədəniyyətimizin bütün o gözəl tərəflərini göstərmək, bayraqlaşdırmaq əvəzinə, onu küçə mədəniyyəti səviyyəsinə endirməməliyik. Bu qəbuledilməzdir, yolverilməzdir.

Mədəniyyət Nazirliyinin Ekspertiza Komissiyasına dərin təşəkkürümü bildirirəm ki, onlar bunun qarşısını dərhal aldılar. Bu, mədəniyyətimizə, oyunbazlıq kimi baxan şəxslərə çox ciddi bir xəbərdarlıq olmalıdır. Bu bir daha göstərməlidir ki, biz heç bir zaman Azərbaycan mədəniyyətini və incəsənətini cılızlaşdırmağa razı ola bilmərik. Filmə qadağa qoyulması cəmiyyətin, ziyalıların, mədəniyyət nümayəndələrinin, mədəniyyətimizə və mədəni irsimizə olan həssaslığını göstərdi".

Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi "Məhsəti" filmində Məhsəti Gəncəvi obrazı Azərbaycan poeziyasının aparıcı qadın simvolunun kimliyi tarixdən təcrid edilib. Film sosial şəbəkələrdə narazılığa səbəb olub.

Son xəbərlər