SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pandemiya dövründə dovşançılıq təsərrüfatlarında durğunluq yaşansa da, ötən ildən başlayaraq yenidən dovşan ətinə tələbat artıb.

2023-cü il Çin təqviminə görə Dovşan ili idi. Dovşan ili təsərrüfatımız üçün düşərli oldu. İndi yenidən dovşanların sayını artırıb, fermamızı genişləndirmək istəyirəm”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şabranlı təsərrüfatçı Azad Əmrullayev söyləyib.

Azad Əmrullayev uşaqlıqdan dovşan saxlayır. Əvvəllər bu heyvanları maraq üçün bəsləsə də, sonradan hobbisini gəlir mənbəyinə çevirib.

Fermer dovşanları Şabranın Gəndob kəndindəki təsərrüfatında bəsləyir. Hazırda təsərrüfatındakı müxtəlif sort dovşanların sayı 100-ə yaxındır. Yaxın gələcəkdə bu sayı üç-dörd dəfə artırmaq imkanı da var.

“Mənin təsərrüfata böyük marağım var. Bakıda doğulub, boya-başa çatsam da, heyvanlara olan maraq məni rayona gətirib. Dovşanlar isə ən sevimli heyvanlarımdır. Təsərrüfatımda 10-a yaxın dovşan növü var. Kaliforniya, Burqundiya, ağ və qırmızı Rizel kimi ətlik dovşan növlərinə üstünlük verirəm. Dovşanlar satış üçün nəzərdə tutulub. Dördaylıq dovşan iki kiloqram ət verir. Ətin kiloqramını 10 manata satırıq ”, - deyə təsərrüfatçı bildirib.
Dovşan əti yağsız, xolesterinsiz olduğu üçün diyetikdir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə üstünlük verirlər. Dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq, hər ay 8-10 bala verir. Dörd aylığında isə ət istehsalına verilir.

“Bir müddət idi, dovşan ətinə maraq azalmışdı. Dovşan təsərrüfatlarının bəziləri fəaliyyətini dayandırıb. Amma indi yenidən tələbat var. Dovşanlar artımlı heyvanlardır. Diqqət və qayğı ilə yanaşanda yaxşı nəticə əldə etmək olur. Bizim öz arpa sahələrimiz var. Yəni heyvaların yem bazası mövcuddur. Əsas dovşan ətinin satış bazarı olmalıdır. Tələbat olsa, ət istehsalını çoxaltmaq olar. Dovşan əti Azərbaycanda az yeyilir. Təbliğat aparılmalıdır ki, faydalı dovşan ətindən daha çox istifadə etsinlər”, - deyə Azad Əmrullayev söyləyib.

Dovşanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək lazımdır. Bu heyvanların yem rasionunu arpa, buğda, qarğıdalı, günəbaxan toxumu və yonca təşkil edir.

BAKU.WS
QALEREYA