Bakı və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-qərb küləyi  gündüz  arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS verilən məlumata görə, havanın temperaturunun gecə 3° şaxtadan 1°-dək isti, gündüz  5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 777 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz  60-70 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 23-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti fonunda mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 24-də atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında isə arabir çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz  2° şaxtadan  3°-dək isti olacağı gözlənilir.

BAKU.WS