VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskvanın cənubunda inşa edilmiş və Rusiya paytaxtının beş ən yaxşı ticarət-əyləncə kompleksindən biri olan "Columbus" Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirovların əllərindən alınır.

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, obyekt "Qazprombank"ın mülkiyyətinə keçə bilər. Buna səbəb Manaşirov qardaşlarının "Qazprombank"dan götürdükləri və obyektin tikintisinə sərf etdikləri krediti qaytarmaqda çətinlik çəkməsidir. Qardaşlardan Roman hazırda həbsdədir, Solomon isə İsrailə qaçıb. Onların adları "Forbes"in daşınmaz əmlak kralları siyahısındadır.

Rusiya mənbələri xəbər verir ki, hazırda obyektin icarəçilərinin işləri yaxşı getmir. Böhrana görə bütün daşınmaz əmlak sahiblərinin gəlirləri azalıb. Manaşirov qardaşları isə üstəlik cinayət təqibi ilə üzləşdiklərindən işləri daha qəlizdir.

Moskvanın Kirovqrad küçəsində yerləşən, sahəsi 277 min kvadratmetr olan "Columbus" ticarət-əylənə kompleksinin tikintisi üçün "Qazprombank"dan 300 milyon dollar kredit götürülüb. Əvəzində obyekt girov qoyulub. Kreditin götürülməsi Dövlət Dumasının deputatı İldar Samiyevin dəstəyi sayəsində mümkün olub. Məlumatlara görə, bunun əvəzində deputat obyektə şərikdir. Bildirilir ki, kreditin qaytarılmasında fasilələr yaranır və bank məhkəməyə müraciət edərək obyektin mülkiyyət hüququnu almağa hazırlaşır.
 
Roman Manaşirov Rusiya İstintaq Komitəsinin müstəntiqlərinə iri məbləğdə rüşvət verdiyi üçün həbs olunub. O, rüşvəti Azərbaycandan olan digər yəhudi milyoner Januko Rafailovun həbsdən buraxılması üçün vermişdi. Rafailov isə Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs olunub. O, Telman İsmayılovun keçmiş ortağıdır. Eləcə də Manaşirov qardaşları 90-cı illərin ortalarında T.İsmayılovla ortaq olublar. Qardaşlardan digəri Solomon isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin bu günlərdə onların işi üzrə yeni nüanslar ortaya çıxıb. Məlum olub ki, Manaşirov qardaşları "Şakro Molodoy" ləqəbli avtoritet, kriminal aləmin "kralı" Zaxari Kalaşovla əlbirdir.

"Şakro" Manaşirovların "krışası" olub və onların qruplaşmasının güc qanadını təşkil edib. Manaşirovlar əvvəlcə hüquq-mühafizə orqanlarındakı güclü əlaqələri hesabına biznesmenlərə problemlər yaradıb, sonra bu problemləri "həll edib", yəni iş adamlarından rüşvət alaraq hüquq-mühafizə orqanlarındakı adamlarına çatdırıb.  Qurban müqavimət göstərəndə işə "Şakro" qarışıb. "Şakro"nun həbsindən sonra Rusiya İstintaq Komitəsinin 3 yüksək rütbəli əməkdaşı da həbs olunub. Bu yeni dəlillərin ortaya çıxmasından sonra Manaşirov qardaşlarına qarşı daha ağır maddə-mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq ittihamı irəli sürüləcək.
 
BAKU.WS