SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Elnur Quliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

BAKU.WS xəbər verir ki, anım mərasimində şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin Zəfər yürüşündən söhbət açıblar.

Qeyd edilib ki, Vətən müharibəsində Azərbaycan bütünlüklə xalq-ordu birliyi nümayiş etdirərək Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşdi. Düşmən üzərində Qələbə qazanılaraq 30 illik həsrətə son qoyuldu.

Bildirilib ki, döyüşlərdə qəhrəmanlığı ilə seçilən və torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhadətə yüksələn qəhrəman oğullardan biri də Elnur Quliyevdir.

O, 25 iyul 1984-cü ildə Füzuli rayonunda anadan olub. 1990–cı ildə Füzuli rayon Kürdlər kənd tam orta məktəbinin birinci sinfinə gedib.

1993-cü ildə erməni işğalçılarının Füzuli şəhərinə hücumu nəticəsində ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb.

Məcburi köçkünlük dövründə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə orta məktəbində oxuyan Elnur erməni vəhşiliyini unutmayaraq gələcəyin hərbçisi olmağa qərar verib.

2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq artilleriya ixtisası üzrə akademiyanı bitirib. 2007-ci ildən xidmətə başlayan Elnur cəbhənin müxtəlif istiqamətlərində vətənin keşiyində dayanıb.

Xidməti dövründə mayor rütbəsinədək yüksələn Elnur divizion komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsində çalışıb.

Əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə qədər yüksələn Elnur xidməti dövründə fəxri fərmanlar və medallarla təltif edilib.

Elnurun son xidmət yeri kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyət ilə iş üzrə müavini vəzifəsi olub. Müharibə başlayan gündən kəşfiyyat qrupları ilə döyüşlərə qatılan Elnur Füzuli və Cəbrayıl rayonlarının bir sıra kənd və yüksəkliklərinin azad edilməsində iştirak edib.

Sonuncu dəfə Füzuli döyüşlərinin birində mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri və 4 nəfər döyüş yoldaşı ilə birlikdə qeyri-bərabər döyüşə girərək düşmən səngərinə keçib və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəxsi heyəti xilas edib və uzun müddət düşmənin irəliləməsinin qarşısını almağa müvəffəq olub. Oktyabrın 2-də gərgin döyüşdə Elnur Quliyev qəhrəmancasına şəhid olub.

Elnur Quliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra ”Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı və “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif olunub. Ailəli idi, 2 övladı yadigar qalıb.

BAKU.WS
QALEREYA