SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Xədicə Şahnəzərlinin qalmaqallı görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, görüntülərdə Xədicənin atasının və anasının ailəsi arasında böyük qalmaqal yaşandığı əks olunub. Hər iki tərəf Xədicəni öz himayəsi altına götürmək üçün mübarizə aparıb. Sosial şəbəkələrdə qısa zamanda yayılmış görüntülər böyük rezonans doğurub.

BAKU.WS olaraq məsələyə aydınlıq gətirmək üçün Xədicəninin babası Nizami Ağayev ilə əlaqə saxladıq. O, nəvəsinin uzun müddətdir onlarda qaldığını bildirdi:

“Uşaq əvvəldən bizdə qalırdı, xəstələnmişdi. Bir ay olardı, bizdə idi. Videoda yayılan görüntülərdəki qadın onun nənəsidir.

Gəldilər nənəsi, əmisi aparsınlar, amma uşaq getmək istəmirdi. Onlar da zorla aparmaq istəyirdi. Uşaq hazırda bizdədir.

Qəyyumluğa müraciət etmişik, ərizə vermişik. Dövlət baxacaq, nə məsləhətdir, onu edəcəklər. Uşaq üçün hara daha rahatdır, kimdə qalmaq istəyir, orada da qalacaq. Xədicə hələ balacadır, o böyüyəndən sonra özü seçəcək. Onlarla əvvəllər heç bir problemimiz olmayıb”.

Məsələ ilə əlaqədar Xədicənin əmisi Xəyal Şahnəzərov BAKU.WS-ə açıqlamasında hazırda Prokurorluqda olduğunu və məlum video ilə bağlı şikayət iddiası qaldırılacağını bildirib:

“Uşaq bizdə idi. Babası zəng edib xahiş etdi ki, uşağı iki günlük aparsınlar. Biz də razılaşdıq, Xədicəni apardılar.

Gözlədik, 2 gündən sonra onlar uşağı gətirmədilər. Zəng etdim, dedilər, gəl apar. Xədicəni götürəndə ağlamağa başladı.

Çünki onu öyrətmişdilər. Həmin çəkilişdən xəbərim yox idi. Mənim yanımda böyüyən uşaq niyə görə mən aparanda ağlamalıdır?!

Qurma videodur. Mənim şərəf və ləyaqətimi alçaldırlar. Mən ailəmdən 3 nəfəri təzə qəbirə qoymuşam. Onlar məni sosial şəbəkədə təhqir etdirirlər. Heç vaxt ağlımıza gəlməzdi ki, onlar bizə qarşı belə hərəkət etsinlər. Mənim anamın təsəlli yeri bir o uşaq qalıb. Çəkilişdən sonra da söz verdi ki, gətirəcək, amma gətirmədi”.

Sözügedən məsələ ilə bağlı BAKU.WS-ə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib.

O bildirib ki, problemlə bağlı artıq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi xəbərdardır:

“Mən videonu görən kimi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə xəbər verdim. Artıq bu işlə onlar məşğuldurlar.

Mən bilirdim ki, uşağın ana-atası sağ olduğu müddətdə belə uşaq ana nənəsində qalıb. Onların yanında qalmağı məsləhət görülmüşdü.

Onlar Samuxda yaşayırlar. Ümumiyyət, təkcə Xədicə yox, valideynlərini itirmiş bütün uşaqların qəyyumluğunun qohumlara verilməsi zamanı xoşagəlməz hallarla rastlaşılır. İki tərəfin bir-birini həzm etməməsi kimi məsələlərdə daha çox bu uşaqlara təzminatın verilməsidir.

Mən demirəm ki, bu var. Amma bu da istisna deyil. Bəlkə, bu insanları daha çox cəlb edən uşaqlara verilən təzminatdır.

Uşaq bu məsələlərdə alətə çevirilir. Məncə, ailələrə zaman verilməlidir. Müşahidə etmək lazımdır, ailələrin monitorinqi aparılmalıdır.

Bu səbəbdən də müvəqqəti olaraq uşaq hər iki tərəfdən uzaqlaşdırılmalıdır. Xədicənin psixoloji durumu pis vəziyyətdədir. Uşağın başqa mühitdə qalmasına və qayğıya daha çox ehtiyacı var”.

Məsələnin hüquqi tərəfini araşdırmaq məqsədi ilə vəkil Adəm Məmmədovla əlaqə saxladıq:

“Məsələnin hüquqi tərəfi uşaq kimə daha çox bağlıdırsa, onda da qalmalıdır. Mən hesab edirəm ki, belə məsələlərdə hər iki tərəf buna həssas yanaşsın. Bu, elə bir prosesdir ki, bütün Azərbaycan xalqının problemidir.

Qohumlar gərək öz aralarında həll edərdi. Böyüklərin öz hisslərinə görə uşağa travma yaşatmamaq məsləhətdir. Dövlət himayəsinə alınması üçün gərək hər iki tərəf uşaqdan imtina etsin”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hazırda məsələ nəzarətimizdədir, yayılan görüntülər öz əksini tapmayıb:

“Düzgün olmayan məlumatdır, ailə sonuncu dəfə dünən ziyarət olunub. Məsələ nəzarət altındadır, uşağın maraqları nəzər alınmaq məqsədi ilə bütün işlər həyata keçirlir.

Hüquqi sənədlər hazırlanır. İki tərəfin uşaqla görüşmək hüququ var. Heç bir münaqişə də yoxdur. Uşağın himayəyə götürülməsi ilə bağlı sənədləşmə işləri gedir.

Hər iki tərəf mütəmmadi olaraq uşaqla görüşə bilir. Bu məsələ təkcə Ailə, Uşaq Komitəsinin deyil, həmçinin yerli İcra hakimiyyəti və digər dövlət orqanlarının nəzarətindədir. Dünən də bizim psixoloqlarımız o ailəni ziyarət edib”.

Şahidə Tapdıq
BAKU.WS
VİDEO