Ermənistanda 18 mayda Robert Köçəryanın azadlığa buraxılmasından sonra məhkəmə və ədliyyə sistemində xaos hökm sürür.

BAKU.WS xəbər verir ki, qərara etiraz edən Baş nazir Nikol Paşinyan öz tərəfdarlarını məhkəmə binalarını zəbt etməyə çağırmış, bir neçə gün sonra isə Ali Məhkəmə Şurasının sədri vəzifəsini icra edən Qevorq Danielyan istefa vermişdi.

Bu gün də Ədliyyə naziri Artak Zeynalyan istefa verdiyini açıqlayıb. O, istefasının səbəbini açıqlamasa da, bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirib.

Qeyd edək ki, bu istefaların Paşinyan hökuməti ilə “Qarabağ klanı” arasında gedən “soyuq müharibə”nin nəticəsi olduğu bildirilir. Hakimiyyətin etirazlarına baxmayaraq Köçəryanın separatçı Dağlıq Qarabağ rejiminin keçmiş və indiki rəhbərliyinin zəmanəti ilə azadlığa buraxılmasına görə məhkəmə sisteminə təzyiqlər edilir.

Fərid ƏDALƏT
BAKU.WS