SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müdafiə Sənayesi Nazirliyi "Şərq” İstehsalat Birliyinin "AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə” pilotsuz uçuş aparatı ilə bağlı yeni görüntülər ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, İsrailin dəstəyi ilə "AZAD Sistemlər” müəssisəsində hazırlanan "Zərbə” pilotsuz uçuş aparatı "Orbiter 1 k" bazasında yığılıb. Bu PUA müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malikdir. 

Qeyd edək ki, qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

Yeni yaradılan "Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. 
 
Şahin Həbibov
BAKU.WS