SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin bərpa olunması, böyük sülhün imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası özündə Ermənistan tərəfindən 1988-89-cu illərdə dədə-baba torpaqlarından qovulmuş etnik azərbaycanlıların öz yurduna dönməsi məsələsini ehtiva etməlidir.

BAKU.WS xəbər verir ki, bu fikirləri "modern.az"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev səsləndirib.

Onun fikrincə, bu müddəa olmayacaqsa, bağlanacaq böyük sülh müqaviləsinin natamam olacağı qənaətinə gələ bilərik. Deputat hesab edir ki, sülh danışıqlarında çox ciddi nüanslar nəzərə alınmalıdır:

“İlk növbədə Zəngəzur dəhlizi diqqət mərkəzində olmalıdır. Ermənilər bu məsələni dolaşığa salıb, gündəmdən çıxarmaq istəyirlər. Zəngəzur dəhlizinin açılmasına müxtəlif bəhanələrlə əngəl törətmək istəyirlər. Ancaq bu dəhlizin açılması mütləqdir. Əvvəla Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanı birləşdirən ən qısa məsafədir. Baxmayaraq ki, ermənilər tərəfindən belə fikirlər irəli sürülür ki, azərbaycanlılar Naxçıvana Qazax ərazisindən İcəvana, oradan Dilican və başqa ərazilərdən keçməklə Naxçıvana getməlidirlər, yaxud Gorus-Qafan yolu ilə Naxçıvana gedə bilərlər. Bu çox uzun məsafədir. Belə olarsa, biz Ermənistan ərazisinin yarısından keçərək Naxçıvana gedib çatarıq. Bu həm də təhlükəsizlik baxımından ciddi problem törədir. Eyni zamanda, nəyə görə uzun məsafə qət etməliyik. Bu bir növ sol əllə sağ qulağı qaşımağa bənzəyir. Buna görə də Zəngəzur dəhlizi mütləq açılmalıdır".

Komitə sədri Zəngəzurun statusu məsələsinə diqqət etməli olduğumuzu sözlərinə əlavə edib:

"Zəngəzurun statusu məsələsinə fikir verməliyik. Çünki Zəngəzur azərbaycanlıların dədə-baba torpağıdır. Digər tərəfdən ermənilər Azərbaycan torpaqlarını, Qarabağ ərazilərini, Şərqi Zəngəzur ərazilərini 30 il ərzində işğal altında saxlayanda bizim bütün infrastrukturumuzu, tarixi, mədəni abidələrimizi dağıdıblar. Meşələrimizi qırıb, ekologiyamıza ciddi zərər vurublar. İnsanlarımız uzun illər məhrumiyyətə düçar edilib. Bunun müqabilində onlar bizə gec-tez təzminat ödəməlidirlər. Bizə vurulan zərərin məbləği bəzi ekspertlərin, hətta ermənilərin özlərinin qiymətləndirmələrinə görə 50 milyard dollardan çoxdur. Avropa və rus ekspertlərin qiymətlərndirmələrinə əsasən, zərərin miqdarı 80-100 milyard dollar civarındadır. Ermənilər ya bu vəsaiti ödəməli, ya da bunun əvəzinə Azərbaycana ərazi qaytarmalıdır. Biz bunu da gündəmə gətirə bilərik.

Digər bir məsələ artıq bəzi ermənilərin Azərbaycan vətəndaşlığı üçün cənab Prezident İlham Əliyevə müraciəti ilə bağlıdır. Hazırda Qarabağın bəzi ərazilərində yaşayan ermənilər indiyə kimi Azərbaycana qarşı cinayət törətməyiblərsə, bundan sonra Azərbaycan qanunlarını qəbul edəcəklərsə, digər vətəndaşlar kimi onların da hüquqları təmin olunacaq və ərazilərimizdə qalıb rahat yaşayacaqlar. Buna alternativ olaraq azərbaycanlıların da öz ata-baba torpaqlarına dönmək və kompakt yaşamaq imkanları olmalıdır. Düşünürəm ki, bu baxımdan ən münasib ərazi Zəngəzur ola bilər”.

“Bu yaxınlarda Qərbi Azərbaycan İcması yaradıldı. Mən bunu alqışlayıram. Hesab edirəm ki, təşkilatın görəcəyi işlərdən bir də Qərbi Azərbaycana dönmək, orada məskunlaşmaq, gediş-gəlişi təmin etmək olmalıdır. Bunlar heç şübhəsiz həm dövlətimizin, həm də cəmiyyətimizin diqqətində olan məsələlərdir. Mərhələ-mərhələ həyata keçirilməlidir. Bu fikri vurğulamaq istəyirəm ki, Qərbi Azərbaycandan qovulmuş insanların öz dədə-baba torpaqlarına dönmək imkanının əldə olunması böyük sülh müqaviləsinin mühüm şərtlərindən biri olmalıdır”, - deyə M.Quliyev vurğulayıb.

BAKU.WS