SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımında şəhər bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib.

29 il ötməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində, həyatında daşıyır, həmin günü unutmur. AZƏRTAC-ın bölgə müxbiri budəfəki yazısında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasətindən, Xocalı faciəsinə uzanan yoldan və bəşəriyyət əleyhinə törədilmiş cinayətdən bəhs edir.

Müxbirimiz Xocalı soyqırımından öncə ermənilərin azərbaycanlı əhaliyə qarşı silahlı hücumlar təşkil etdiyi Xocavəndin Tuğ, Salakətin və Axullu kəndlərində, eləcə də soyqırım zamanı erməni faşizmindən qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin qətlə yetirildiyi Ağdamın Şelli kəndində, Əsgəran yolunda, o dövrdə qətliam qurbanlarının meyitlərinin gətirildiyi Ağdam şəhər məscidində olub, həmin hadisələri şahidlərin dilindən bir daha yada salıb.

Təqiblər, təzyiqlər, etnik təmizləmə, işğal...

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair irəli sürdükləri ərazi iddiaları Yerevanda və Qərbdə olan himayədarları tərəfindən xeyli əvvəl plan əsasında hazırlanmışdı. Həmin plana uyğun olaraq, 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda mitinqlər təşkil edilirdi. Getdikcə vəziyyət daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil olunurdu. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxartmaq idi.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə keçməklə bağlı qərar qəbul etdilər. Fevralın 22-də bu qərara etiraz edərək yürüş keçirən ağdamlılara Əskəran ərazisində atəş açıldı və iki gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirildi.

1988-ci ildə Dağlıq Qarabağda başlayan terrorçuluq və separatizm “Daşnaksutyun”, “Krunk” kimi millətçi təşkilatların təşkilatçılığı ilə həyata keçirilirdi. Həmin dövrdə azərbaycanlıların Dağlıq Qarabağda təzyiqlərə və təqiblərə məruz qaldığı kəndlərdən biri də qədim Tuğ kəndi idi. Hadisələri daha dərindən öyrənmək üçün kənd sakini Cəmil Bayramovla elə Tuğ kəndində həmsöhbət olduq.

Cəmil Bayramov 33 il əvvəl baş verən hadisələri xatırlayaraq deyir ki, 1988-ci il fevralın 12-də Hadrutda ilk dəfə mitinq təşkil olundu. Məqsəd Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Həmin gün rayon partiya komitəsində partiya təsərrüfat fəallarının yığıncağı keçirilirdi. İclasdan çıxanda gördük ki, ermənilər bir yerə yığışıb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı şüarlar səsləndirirlər. Sonra bu dalğa rayonun bütün kəndlərini, o cümlədən bizim kəndi bürüdü. Erməniləri “Krunk” və “Daşnaksütyun” təşkilatlarının üzvləri qızışdırır, təxribatlar təşkil edirdilər. Bizim kənddə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdı. Həmin vaxta qədər milli zəmində heç bir insident yaşanmamışdı. Kənddə ilk qanlı hadisə 1989-cu il noyabrın 17-də törədildi. Məktəbdə 9-cu sinif şagirdi Teyyub Süleymanov ermənilər tərəfindən qətlə yetirildi.

Ermənilər getdikcə daha da azğınlaşırdılar. Azərbaycanlıların evlərini daşlayır və yandırır, kənddə Ermənistanın bayrağını asırdılar. 1991-ci il mayın 1-də “Dəyirmana bənd” deyilən yerə ermənilərin qoyduğu partlayıcının partlaması nəticəsində iki kənd sakini həlak oldu. İyulun 23-də iki sakin avtomobil yuduqları zaman odlu silahla qətlə yetirildi. Ermənilər onların meyitləri üzərində qeyri-insani hərəkətlər etmişdilər. Sentyabrın 7-də məktəbdən aşağıdakı bostan sahəsində iki nəfər öldürüldü. Oktyabrda azərbaycanlılara məxsus bir neçə ev yandırıldı. Bir nəfər evində öldürüldü.

“Bu hərəkətləri etməklə onların məqsədi azərbaycanlıları kənddən çıxarmaq idi. Ermənilər oktyabrın 30-dan 31-nə keçən gecə meşə tərəfdən kəndi atəşə tutmağa, azərbaycanlılar yaşayan evləri yandırmağa başladılar. Köməksiz sakinlər kəndi tərk etməli oldular. Beləcə kəndimiz işğal edildi”, - deyən Cəmil Bayramov o dövrün hadisələrini xatırlayır.

Tuğ kəndindəki bu proses Qarabağın digər yaşayış məntəqələrində də davam edirdi. Xocavənd rayonunun Axullu kənd sakini Şaiq Aslanov da ermənilər tərəfindən azərbaycanlılara qarşı təcavüz, zor tətbiq edildiyini söyləyir: “İnsanlar təhqir edilir, təzyiqlərə məruz qalırdı. Kənd sakinləri sovxozun əkin yerlərindən istifadə edilə bilmirdi. 1988-ci ildən 1992-ci ilin yanvarınadək mübarizə apardıq. Bilirdik ki, ermənilər bizi sıxışdıraraq çıxartmaq, Dağlıq Qarabağda azərbaycanlılarsız qurum yaratmaq istəyirdilər. Kənd 1992-ci il yanvarın 9-dan 10-na keçən gecə yandırıldı. Kəndin qəbiristanlığı da tamamilə dağıdıldı. Ermənilərin məqsədi təkcə bizi buradan qovmaq yox, həm də tarixi izimizi, mənəvi yaddaşımızı silmək idi”.

Salakətin kənd sakini Gültəkin Ağayeva isə o dövrün hadisələrini belə xatırlayır: “1988-ci ildən etibarən ermənilər kənd sakinlərinə təzyiq etməyə, sıxışdırmağa başladılar. Salakətin sakinləri dörd il dəyanət, dözümlük, doğma yurda bağlılıq göstərdilər. Ermənilər gördüyünüz o dağlardan hər gecə kəndi atəşə tuturdu. Hər gün yüksəkliyə Ermənistan bayrağını sancırdılar. Kəndimizin cavanları gedib o bayrağı götürürdülər. Səsgücləndiricilərlə bizi kəndi tərk etməyə səsləyirdilər. Yadımdadır, hələ bir dəfə kəndin girəcəyinə konfetlərin, meyvələrin altında gizlədilmiş partlayıcı olan torba qoymuşdular ki, uşaqlar götürəndə partlasın. Amma bütün bu çətinliklərə baxmayaraq, heç kim kəndi tərk etmirdi. Dörd il mübarizə apardıq. Tuğ kəndi işğal olunandan sonra tərk etməli olduq".

Beləliklə, 1991-1992-ci illərdə erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Xocavənd, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli və Qaradağlı kəndlərinin işğalı zamanı da erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.

Qaradağlı faciəsi: Xocalıya gedən yolun başlanğıcı

Qarabağ müharibəsində ən çox faciələrə düçar olan, ağrı-acı yaşayan kəndlərimizdən biri də Xocavənd rayonunun Qaradağlı kəndidir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

1990-cı ildən 1992-ci ilin əvvəllərinədək aralarında yaşlılar və qadınlar da olmaqla, 23 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Kimisi avtobusda güllə-boran edildi, kimisi də diri-diri yandırıldı.

1992-ci il fevralın 17-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə Qaradağlı kəndini işğal edib, dinc sakinlərə qarşı qətliam həyata keçirdilər. Həmin vaxt kənddə olan sakinlərdən 33 nəfər öldürüldü, 118 sakini əsir götürüldü. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini təsərrüfat quyusuna tökərək üzərini torpaqladılar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürüldü, 50-si böyük çətinliklərlə əsirlikdən azad edildi. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat etdi.

Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çıxarılması, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürüldü. Bundan başqa, 43 ailə başçısını itirdi, bir ailənin hər iki valideyni qətlə yetirildi, 146 uşaq yetim qaldı. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirildi. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli idi.

Qaradağlı faciəsinin şahidi Şahruz Əliyev 29 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: "Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq, hücuma keçdi. Qüvvələr qeyri bərabər olsa da, dörd gün inadla müqavimət göstərdik. Nəhayət ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Ermənilər yaralanmış iki nəfəri elə oradaca güllələdilər. İki nəfəri ağacla başlarına döyə-döyə öldürdülər. Əsirlikdə olmazın əzab-əziyyət çəkmişik. Həmin günlərin ağrı-acısı yaddaşımda heç vaxt silinməyəcək izlər qoyub. Əsir götürülənlərin arasında məktəbyaşlı uşaqlar, qadınlar, qocalar var idi. Yaşlıları, qadınları bir maşına, cavanları isə başqa maşınlara doldurdular.

Kəndin Bəylik bağı adlanan yerində maşını saxlayıb kənd sakinlərinin bir hissəsini güllələdilər. Ölənləri və yaralıları silos quyusuna töküb üstünü torpaqladılar. İki nəfəri Zəki bulağında öldürdülər. Beləcə, yolboyu maşınları saxlayır, əsirləri güllələyirdilər. Sonra bizi Xankəndinə gətirib soyuq zirzəmiyə saldılar. Səhər tezdən erməni silahlıları əsirlərdən 5 nəfəri apardılar və onlardan bir daha heç bir xəbərimiz olmadı. Mənim qardaşım Vətən də onların arasında idi. Bizi isə hər gün döyürdülər, işgəncələr verirdilər. 55 gün əsirlikdə qalandan sonra bizimkilər məni əsirlikdən azad edə - geri ala bildilər. Amma çox təəssüf ki, qardaşım Vətən və eləcə də neçə-neçə həmkəndlim əsirlikdən qayıtmadılar və çoxunun da axırı nə oldu, bilmədik".

XX əsrin ən dəhşətli qətliamı

1992-ci ilin fevral ayı. Qarabağda vəziyyət son dərəcədə ağırlaşmışdı.Artıq Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Malıbəyli, Meşəli və Qaradağlıdan sonra növbə Xocalıda idi. Şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi. Şəhər düşmənlə mübarizədə köməksiz qalmışdı. Ağdamda keçirilən mitinqlərdə Xocalıya təcili kömək göndərilməsi tələb olunurdu. Amma ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı.

Beləliklə, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, şəhəri yerlə-yeksan etdilər. Düşmən mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək amansızlıqla qətlə yetirdi. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan da 76 nəfəri azyaşlıdır.

Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində 613 nəfər öldürüldü. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edildi. 1275 nəfər əsir götürüldü, 155 nəfərin taleyi indiyə kimi məlum deyil.

“O gecəni xatırlamaq belə dəhşətdir...”

Üstündən illər ötsə də, xocalılılar hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri - faciənin şahidi, Xocalıdan olan məcburi köçkün Elyana Kərimovadır. O, 29 il əvvəl başlarına gətirilən müsibətlərdən danışaraq deyir: “Xocalı şəhəri erməni quldurları tərəfindən mühasirəyə alınmışdı. Fevralın 25-də gecə saat 11-də şəhəri atəşə tutmağa başladılar. Gecə saat 1-ə qədər gözlədik. Artıq düşmən şəhərə girmişdi. Hər tərəf od tutub yanırdı. Kömək isə gəlmirdi. Şəhəri tərk edib meşəyə qaçdıq. Meşədə ermənilər qarşımızı kəsib bizi atəşə tutdular. O gecəni xatırlamaq belə dəhşətdir...

Baş verənləri sözlə ifadə etmək olmur. Hərə bir tərəfə qaçırdı. Həmin vaxt xeyli adam, o cümlədən 15 yaşlı baldızım, böyük baldızımın yoldaşı, atamın bacısı yanımda öldürüldü. Qaraqaya deyilən yerə tərəf hərəkət etdik. Burada bizi ağdamlı döyüşçülər xilas etdilər. Hava soyuq, şaxtalı idi. Əsgərlərdən biri öz çəkməsini çıxarıb donan ayaqlarıma geyindirdi. Altı yaşlı oğlumla məni Ağdama gətirdilər. Həyat yoldaşımdan və digər qohumlarımdan ayrı düşmüşdük. Onları Ağdam xəstəxanasında yaralı halda tapdım. Həmin gecə qohumlarımdan 8 nəfər öldürüldü. Baldızımın yoldaşından isə hələ də bir xəbər yoxdur”.

Xocalıda qətlə yetirilənlərin və yaralıların çıxarılmasında könüllülərdən ibarət dəstələrin böyük rolu olub

Xocalı faciəsi zamanı qətlə yerilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Faciənin baş verməsi xəbərini eşidən könüllülər dərhal Əsgəran istiqamətdə hərəkət edərək meşələrdə qalmış mindən çox sakini xilas edib.

Keçmiş döyüşçü Mübariz İbrahimovla Şelli kəndi yaxınlığında - Xocalı sakinlərin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu ərazidə söhbət edirik. “Ermənilərin Xocalıda qətliamtörətdiklərini eşidəndə hamımız Şelli, Əsgəran istiqamətinə yollandıq. Ağdam camaatı da hərbiçilərlə birgə xocalılıları xilas etmək üçün gördüyünüz bu dağlara doğru axışırdı. Soyuq, qarlı hava idi. Xocalıya hücum gecə olduğundan sakinlər paltarlarını da geyinməyə macal tapmamışdılar.

Qadınlar, uşaqlar, qocalar ayaqyalın, başıaçıq meşələrlə, dağlarla özlərini Ağdama çatdırmağa çalışırdılar. Onlardan çox hissəsi meşələrdə erməni cəlladları tərəfindən qətlə yetirilmişdi. Xocalılıların bir hissəsi bu istiqamətə gəlib çıxa bilmiş və dağın ətəyində erməni cəlladları tərəfindən qanına qəltanedilmişdilər. Ermənilər dinc sakinləri güllələmiş, süngülərlə ağlasığmaz vəhşiliklər törətmişdilər. Bu vəhşilik ancaq ermənilərə məxsusdur. Başqa millətlər belə vəhşilik edə bilməz. Biz burada yaralıları və meyitləri maşınlara yığıb Ağdama apardıq”, - deyən Mübariz İbrahimov həmin dəhşətli günləri unuda bilmədiyini söyləyir.

Ağdamın Zəngişalı kənd sakini Saleh Cabbarov da keçmiş döyüşçüdür. 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələri belə xatırlayır: “Faciədən sonra xocalılara kömək etmək üçün Əsgəran istiqamətinə yollandıq. Xocalı camaatı xilas olmaq üçün dəstələrlə ayrı-ayrı istiqamətlərdə hərəkət edirdilər. Fevralın 26-sı səhər Qaraqaya yüksəkliyinə çatanda artıq Ağdamdakı "Qarabağ Şahinləri" taborunun könüllüləri buradakı erməni postunu ələ keçirmişdi. Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmiş dinc sakinlərin cəsədlərini gördük. Onlar Xocalıdan Ağdama qaçarkən ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdilər.

Könüllü döyüşçülər, eləcə də mülki vətəndaşlar cəsədləri Ağdama daşıyırdılar. Biz Xocalıya doğru irəlilədik. Hər tərəfdə ermənilərin vəhşiliklərinin şahidi olurduq. Qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla öldürülmüşdülər. Dinc sakinlərə qarşı edilən vəhşilikləri sözlə ifadə etmək çətindir. Başı, qolları kəsilmiş, gözləri çıxarılmış, başının dərisi soyulmuş insanları görəndə dəhşətə gəlirdim. Körpə uşaqları süngü ilə deşik-deşik etmişdilər. Cəsədlərlə yanaşı, düşməndən gizlənə bilmiş sakinləri də ərazidən çıxarırdıq".

Xocalı faciəsi zamanı Ağdamdakı özünümüdafiə taborunun komandir müavini olmuş Şahbaz İbrahimov isə o günləri belə xatırlayır: "Fevralın 25-də səhərə yaxın postları yoxlayıb təzəcə qayıtmışdım. Ratsiyadan eşitdim ki, Xocalıda qırğın olub. Dərhal qərargaha qayıtdım. Özünümüdafiə batalyonundan 300 nəfərə yaxın könüllü yığılmışdı. Dəstələrə bölünüb müxtəlif istiqamətlərə yollandıq. Mən 9 nəfərlə Şelli-Naxçıvanlı istiqamətində getdim. Hava çox soyuq idi. Qar yağırdı. Biz orada dəhşətli mənzərə ilə qarşılaşdıq.

Erməni dəstələri Xocalıdan qaçan sakinlərin qarşısını kəsərək qətliamtörətmişdilər. Hər tərəf meyit və yaralı ilə dolu idi. Əksəriyyəti qadın, qoca, uşaq olmaqla yaralıları oradan çıxartdıq. Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi. Belə faciə, belə dəhşət dünyada görünməyib. O zaman gördüyüm erməni vəhşiliyini heç vaxt unutmaram. Şelli kəndi yaxınlığında dağın döşündə ermənilər öldürdükləri azərbaycanlıların meyitlərini üst-üstə yığaraq səngər düzəltmişdilər".

“Səhər” qəzetinin müxbiri: Şahid olduğum vəhşiliklərdən hələ də özümə gələ bilmirəm

Xocalı faciəsi zamanı Qarabağa ezam olunmuş “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu qarşılaşdığı dəhşətli mənzərədən danışır: “Biz fevralın 21-dən Ağdamda idik. Çox ağır vəziyyət idi. Şelli-Qaraqaya istiqamətindən daha çox meyit, yaralı gəlirdi. Ağdam camaatına minnətdarlığımı bildirirəm ki, o zaman hamı bacardığı qədər köməklik göstərdi. Meyitlər Ağdam məscidinə gətirilərək yuyulur, kəfənlənir və dəfn edilirdi. Ayın 26-sı axşama qədər meyitləri çıxardıq.

Axşam saat 6-da yadıma düşdü ki, Bakıya məlumat verməmişəm. “Səhər” qəzetinin redaksiyasına zəng edib Xocalıda faciə baş verməsi barədə məlumatı çatdırdım. Qəzetin həmin nömrəsində Xocalı faciəsi ilə bağlı məlumat dərc olundu. Soyqırımından 43 foto çəkmişəm. Onlardan 22-si daha dəhşətlidir. O qədər dəhşətli hadisələrin, misilsiz vəhşiliklərin şahidi olmuşdum ki, hələ də özümə gələ bilmirəm”.

Xocalı sakinləri faciəni törədənlərin cəzalandırılmasını, haqq-ədalətin bərqərar olmasını gözləyirlər

Xocalı soyqırımının əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Bu həqiqətlərin dünyaya çatdırılması, faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu baxımdan böyük əhəmiyyət daşıyır.

Xocalı soyqırımı indiyədək dünyanın 20-yə yaxın ölkəsi, Amerika Birləşmiş Ştatlarının 26 ştatı tərəfindən tanınıb və pislənilib. İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Lakin buna baxmayaraq təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb, cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyib. Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Xocalı sakinləri isə 29 ildir ki, beynəlxalq qurumların soyqırımına hüquqi qiymət verəcəkləri və faciəni törədənlərin layiq olduqları cəzanı alacaqları, haqqın, ədalətin bərqərar olacağı günü gözləyirlər.

BAKU.WS
QALEREYA