SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Qarabağ münaqişəsinə Azərbaycan tərəfdən girməsi həm mütəxəssisləri, həm də siyasətçiləri təəccübləndirdi. 

BAKU.WS xəbər verir ki, hələ sentyabr ayının əvvəllərində Ermənistan rəhbərliyinə belə bir perspektiv barədə erməni diplomatiyasının düşünən beyni, ilk Ermənistan prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan xəbərdarlıq etmişdi.

Dövlət qulluğundan ayrıldıqdan sonra ABŞ-a köçən Jirayr Liparityan BBC-yə müsahibəsi zamanı Ermənistanın səhvləri və Qarabağın gələcək statusu barədə fikirlərini bölüşüb.

Müsahibədən bir hissəni təqdim edirik:

- Fikirlərinizi komplektləşdirsək, siz ilk prezident Levon Ter-Petrosyanın komandası olaraq münaqişəni danışıqlar və sülh yolu ilə həll etmək istəmisiniz. Sonrakı bütün liderlər isə status-kvonu qorumaq istəyib?

- Təxminən.

Bizim administrasiya - Ter-Petrosyan rəhbərliyi - sülhə köklənmişdi. Sonrakı rəhbərliklər, xüsusən sonuncusu (Paşinyan kabineti) müharibə istəyirdi.

Rəhbərliklər danışıqlar aparırdı, amma "heç bir irəliləyiş olmazsa, müharibəyə qayıdacağıq" düşüncəsi ilə. Paşinyan isə belə qərara gəlmişdi ki, "heç nə alınmayacaq və əgər müharibəsə olacaqsa, qoy olsun. Biz qalib gələcəyik".

- Niyə danışıqlar uğursuz oldu?

- Qarabağ məsələsi bir neçə komponentdən ibarətdir:

Dağlıq Qarabağın statusu;

Erməni qüvvələrinin nəzarəti altında olan Azərbaycanın yeddi bölgəsinə dair sual.

Atəşkəs anından bəri beynəlxalq birlik Qarabağın müstəqilliyini tanımamışdı. Ümumilikdə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə əsaslanan variantlar təklif etmişdilər. Onlar bunu bizə son 30 ildə söyləyirdilər.

Diplomatiya sahəsində fərqli administrasiyaların fəaliyyətindən asılı olmayaraq Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti inandıra bilmədi.

Bunu diplomatik uğursuzluq hesab edə bilərik, amma bu diplomatiya ilə əlaqəli deyil - münasibətdə olduğumuz dövlətlərin şəxsi və kollektiv maraqlarından irəli gəlir.

Biz nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan hərbi gücü və resurslarını daha da gücləndirir. Razılığa gedən yolumuz nə qədər uzun idisə, müharibəyə bir o qədər yaxınlaşırdıq və bu müharibəni qazanmaq şansımız azalırdı.

Biz (Ter-Petrosyanın komandası) sülh müqabilində əksər rayonları geri qaytarmaq və status məsələsinə sonradan baxmaq üçün fürsət yaratmaq istəyirdik.

Növbəti administrasiyalar ərazilərin geri qaytarılmasının yalnız status müqabilində - yəni Qarabağın Azərbaycan tərəfindən müstəqilliyinin tanınması və ya heç olmasa referendum kimi müstəqilliyə aparan bir yol ola biləcəyinə qərar verdilər.

Paşinyan gələcək statusun dəqiq bir şəkildə başa düşülməsinin vacibliyini və bu olmadan Azərbaycanın mövqeyini ciddiyə ala bilməyəcəyini və danışıqların mənasız olduğunu israr etdi. Belə bir nəticəyə gəldi ki, əvvəlcə status barədə razılığa gəlməyimiz lazımdır və bunun üçün müharibə lazımdırsa, müharibə olacaq və biz qazanacağıq.

Bu, son 25 ildə erməni tərəfinin məntiqi idi və indi bunun səhv olduğunu başa düşürük. Müharibənin gedişatını ətraflı müzakirə etmək məni maraqlandırmır. Bu müharibə zamanı texniki, maddi və strateji problemlər üzə çıxdı. Ancaq bunsuz da birinci müharibədə olduğu kimi asanlıqla qalib gələ bilməyəcəyimiz aydın idi.

İndi isə Ermənistan Baş Qərargahı rəhbərinin açıqlamasından öyrənirik ki, müharibənin dördüncü günü bu barədə Baş Nazirə xəbərdarlıq edib. Ancaq müharibədən əvvəl də başqa səhv hesablamalar var idi. Erməni tərəfi Azərbaycan və Türkiyəyə qarşı təxribat xarakterli bir sıra tamamilə lazımsız addımlar atmışdı.

- Hansı təxribatlardan bəhs edirsiniz?

- Məsələn, Qarabağın gələcək statusunu müzakirə edərkən Azərbaycan öz həllini təklif edir: "Qarabağ Azərbaycandır". Bu, beynəlxalq birliyin də mövqeyidir. Lakin biz deyirik ki: danışıqları unut, Qarabağ Ermənistandır və nöqtə.

İkincisi, Ermənistan prezidenti və Baş naziri bu yay Sevr Sülh Müqaviləsinin Türkiyəyə ərazi iddialarının təqdimatı kimi qəbul edilə biləcəyi ilə əlaqədar açıqlamalar vermişdi.

Bundan əlavə, Ermənistan Müdafiə Naziri açıqlamışdı ki, "Yeni müharibə - yeni ərazilər".

Paşinyan hər hansı bir qərarın Azərbaycan, Qarabağ və Ermənistan xalqları tərəfindən qəbul olunmalı olduğunu söyləyərkən böyük dövlət adamı olduğunu düşünürdü.

- 9 Noyabr sülh elanından sonra vəziyyəti necə görürsünüz?

- Bu ifadənin iki şərhi ola bilər. Biri bədbin və böyük ehtimalla doğrudur. Ancaq o qədər pessimistdir ki, insanların bunu qəbul etməsi çətin olacaq. Deməli, atəşkəs bəyanatı əslində Qarabağ məsələsini bağlayır. Bunu birbaşa demir, ancaq Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Bunu Ermənistanın baş naziri Paşinyan imzaladı. Və bunu heç kim dəyişdirməyəcək.

Azərbaycanlılar qayıdacaq və Azərbaycan hakimiyyəti ən çox sayın qayıtması üçün hər şeyi edəcək. Biz Qarabağ ermənilərinin geri dönməsini istəyirik. Bəs bu cür Qarabağa qayıtmağa hazır olacaqlar? Və (Qarabağ ermənilərinin) kütləvi dönüş olmayacaqsa, Qarabağın bundan sonrakı statusu müzakirə edilməyəcək.

Digər tərəfdən, Rusiya mümkün qədər çox erməninin geri qayıtmasını istəyir. Çünki orada Qarabağ ermənisi olmasa, Azərbaycan (rus hərbçilərinə) deyə bilər ki, burada nə edirsən?

Prezident Putin və digərləri (dünya liderləri) Qarabağın statusunun təyin olunmadığını deyəndə, bu, Qarabağın müstəqilliyinin mümkün olduğu anlamına gəlmir. Artıq bunun mümkün olmadığını - (Qarabağın) Azərbaycanın bir hissəsi olduğunu açıqlayıblar. Bunu çox açıq şəkildə bəyan edilib.

Keçmişdə rus diplomatlar Qarabağı Azərbaycanın bir hissəsi kimi nəzərdə tutmayan bircə layihəni də dəstəkləmirdilər. Etdikləri tək şey status məsələsini təxirə salmağa razılıq vermək idi.

9 Noyabr bəyanatı açıq şəkildə göstərir ki, müstəqil Qarabağ arasında və ya Azərbaycan daxilində seçimdən söhbət gedə bilməz. Bu seçim artıq mövcud deyil.

Danışıqlar iki ssenari üzrə aparıla bilər. Qarabağ Azərbaycan daxilində coğrafi, ərazi cəhətdən müəyyən edilmiş bir vahid olacaq. 

Bu, dini azlıq olaraq bəzi muxtariyyətlərə sahib olan Türkiyə və ya İrandakı ermənilərə bənzər vəziyyət deməkdir - öz kilsələri, məktəbləri, bəlkə də qəzetləri, nəşriyyatları və erməni dili məktəbləri ola bilər. Ancaq ərazi deyil.

BAKU.WS