SİZİN REKLAM BURADA!
055 213 76 73


İslam tarixi boyunca xeyriyyəçilik ənənəsi ən mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Xeyriyyəçiliyin əsas qollarından biri də dini ibadət ocaqlarının - məscidlərin tikintisi və təmiridir.

Dinimizdə məscid tikintisi böyük savaba malik əməl sayılır. İstər Qurani-Kərinmdə, istərsə də mübarək hədislərdə məscid tikməyə və təmir etməyə təşviq edən çoxlu göstərişlər mövcuddur.

BAKU.WS “islam.az”a istinadən xəbər verir ki, Qurani-Kərimdə Allah-Taala məscid binası ucaltmağı möminlərə xas olan sifətlərdən biri kimi təqdim edir:

"Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!" (Tövbə, 18). Təfsirə görə, burada məscid tikmək və təmir etmək kimi savab əməllərin yalnız möminlərdən qəbul ediləcəyi nəzərdə tutulur. Hər məscid tikdirən bu savaba çata bilməz, əsil iman sahibləri, öz imanını əməli ilə sübuta yetirən şəxslər bu savaba yiyələnərlər.

Quranın "Kəhf" surəsində Əshabi-kəhfin mağarası üzərində məscid tikdirənlərin misal çəkilməsi də Allahın bu əmələ rəğbətindən xəbər verir.

Məscid tikdirməyin, təmir etdirməyin və məsciddə xidmət etməyin savabı barədə hədislərin sayı çoxdur. Onlardan bir neçəsini misal çəkməklə kifayətlənirik. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Hər kim riyakarlıq etmədən (xalis niyyətlə) bir məscid tiksə, Allah ona cənnətdə bir ev verər". Məsum imamların buyurduğuna görə, bəzən Allah-Taala yer üzündəkilərə bəla göndərmək istəyəndə bir-biri ilə mehribanlıq edən, məscid tikdirən və sübh çağı günahlarının bağışlanmasını diləyən insanların xatirinə bunu etməz, onların hörmətinə öz əzabını yer üzündən uzaqlaşdırar.

Məscidlərdə abadlıq və təmir işi aparan şəxslər hətta hədisdə "Allahın qonşuları" adlandırılır: "Allah-Taala qiyamət günündə buyurar: "Qonşularım haradadır?" Mələklər təəccüblə soruşarlar: "Bu şərəfə layiq olanlar kimlərdir?" Allah buyurar: "Məscidləri abad edən şəxslər".

Əlbəttə, orta əsrlərdə qadınların ictimai fəaliyyət dairəsi kişilərə nisbətən daha məhdud idi. Hər şeydən öncə, məscid tikintisi böyük pul vəsaiti tələb edirdi. Buna baxmayaraq, qadınlar bu sahədə kişilərlə yanaşı fəallıq göstərmiş, onlara müsbət mənada rəqib olmağı bacarmışlar.

Cəmiyyətin aşağı təbəqəsinə mənsub qadınlar maddi imkanlarının azlığı üzündən məscidə maddi yardım göstərmək, öz əmlakının bir hissəsini məscidə vəqf etmək, məscid üçün xalça toxumaq kimi xidmətlərlə kifayətlənirdilər.

İmkanlı qadınlar - hökmdar və əyan xanımları, saray qadınları, tacirlərin həyat yoldaşları isə daha yüksək səviyyəli layihələrə imza atır, müstəqil şəkildə öz vəsaitləri hesabına məscid (məhəllə miqyasında) və hətta cami (iri cümə məscidi) tikdirirdilər.

İslam tarixində digər xeyriyyə işləri ilə yanaşı məscid də tikdirmiş ilk qadınlardan biri Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zibeydə xatundur. Harunun əmisi qızı olan Zibeydə xatun zəkalı, yüksək savada malik, ədəbli və səxavətli bir qadın idi.

Özü Quranı əzbər bilirdi, Quran hafizi olan yüz kəniz saxlayırdı. Bu kənizlərin hər biri gün ərzində üç cüz Quran oxuyurdu. Beləcə, sarayda hər gün on dəfə Quran xətm olurdu. Zibeydə xatunun Əhli-beyt tərəfdarı olması barədə ehtimallar mövcuddur.

Zibeydə xatun xilafət ərazisində xeyli xeyriyyə işləri görmüş, məscidlər tikdirmiş, quyular qazdırmış, yollar abad etmişdi. Hicri 186/miladi 802-ci ildə həcc ziyarətində olarkən o, Məkkə camaatının içməli su sarıdan əziyyət çəkdiyini gördü.

Şəhərə su uzaqdan arabalarla iri tuluqlarda gətirilirdi. Zibeydə o zamana qədər heç bir kişinin cürət etmədiyi işi öhdəsinə aldı - Məkkəyə su çəkdirdi. Axtarışlardan sonra Məkkədən 10 mil məsafədəki dağların ətəyində şirin su mənbəyi tapıldı.

Mühəndislər bu layihənin külli miqdarda xərc tələb etdiyini deyəndə Zibeydə xatun onlara belə cavab verdi:

"Əgər hər külüng zərbəsi bir qızıl dinara başa gəlsə belə, ödəməyə hazıram". Zibeydə xatunun pulu ilə çəkilmiş su xəttindən Məkkə camaatı bir neçə əsr boyunca istifadə etmişdi.

Həmin həcc səfəri zamanı Zibeydə xatun yol boyunca böyük abadlıq və tikinti işləri aparmış, quyular qazdırmış, karvansaralar tikdirmişdi.

Tarixi mənbələr xəbər verir ki, Zibeydə xatun Məkkədə, Məscidül-həramın ətrafındakı evləri satın alaraq məscidin ərazisinə qatmış, həmçinin, Məscidül-həram kompleksinin sahəsini böyüdərək orada tikinti işləri aparmışdı.

Tam sübuta yetməmiş məlumata görə, Cənubi Azərbaycandakı Təbriz şəhəri də Zibeydə xatunun əmri ilə və onun vəsaiti hesabına salınmışdı.

BAKU.WS