Zakir Həsənov: “Artıq məqam yetişib”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdıraraq bildirib: "Dövlət başçısının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi, komandir heyəti tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsədimiz əsgər və zabitlərimizin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır.
Bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu tək biz deyil, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.
Keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. İndi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır”.
General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib.
Müdafiə naziri cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan tankçıları gələn ildən Tank Biatlonunda iştirak edəcəklər
Azərbaycanın hərbçiləri növbəti ildən Beynəlxalq Hərbi Yarışmaların "Tank Biatlonu” növündə də iştirak edəcəklər. BAKU.WS-in "AzeriDefence” istinadən verdiyi m...