Yol polisinin velosipedçiləri niyə saxladığının səbəbi bilindi (VİDEO, FOTO)
18
dek
2017
11:47
“Velosipedləri axşam qaytardılar. Hazırda gözləmə mövqeyindəyik. Səbəb bizə də maraqlıdır. Axı niyə saxladılar və heç bir cərimə tətbiq etmədən niyə buraxdılar?” Bunu BAKU.WS-ə Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı son qərarı Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) verəcək. Pərviz Musayev Facebook səhifəsində isə aeroport yolundan foto paylaşaraq qeyd edib ki, bu yolda heç bir avtomagistral işarəsi yoxdur: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin II hissəsinə əsasən, avtomagistrallarda (110km/s) velosipedlərin hərəkəti qadağandır. 1. Aeroport yolunda avtomagistral işarəsi yoxdur! 2. Avtomagistral adlandırdığınız, amma bununla bağlı işarə olmayan həmin yolda sürət həddi zolaqlar üzrə 120 (!), 100, 80 və 60 km/saatdır. Bu amil özü də həmin yolun qanunla avtomagistral adlandırmasını mümkünsüz edir. 3. Velosipedçilər həmin yolun ən aşağı sürət həddi müəyyən edilmiş sağ hissəsində (60km/s) hərəkət ediblər ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanunu buna icazə verir.”
BDYPİ-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, velosipedçilər sürət həddi saatda 120 kilometr nəzərdə tutulan yolla həkət ediblər. Bu yol isə strateji əhəmiyətə malik yol hesab edilir. Onun sözlərinə görə, velosipedçilərin magistral yolda hərəkət edəcəyi əvvəlcədən razılaşdırılmayıb. "Əvvəlcədən xəbərdarlıq edilsəydi təhlükəsizlik tədbirləri görülərdi. Velosipedçilər magistral yolda avtomobillərin hərəkətinə mane olub. Bunu kamera görüntülərindən də görmək mümkündür Avtomobillə velosipedçilərin vurulması təhlükəsi yaranıb”, - deyə Vaqif Əsədov bildirib. Ötən gün səhər saatlarında Azərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçiləri aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. İdmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar. Bundan başqa, idmançıları həmişə Federasiyasının maşını müşayiət edir: “Bizim komandamız artıq bir neçə ildir ki, aeroport yolunda məşqlər keçirir, amma velosipedçilər bu cür halla ilk dəfə rastlaşıblar”. BAKU.WS
Oxşar xəbərlər
Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı (VİDEO)
Bakıda Dövlət Yol Polisinin əməkdaşları peşəkar velosipedçiləri saxlayaraq onları cərimə meydançasına aparıb.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Velosi...