Yol polisi bu cür qayda pozanlara da cərimə yazmağa başladı – DİQQƏT – FOTO

Yol polisi bu cür qayda pozanlara da cərimə yazmağa başladı – DİQQƏT – FOTO
Hadisə 10080

Dövlət yol polisi Bakıda sürücülərin daha çox pozduğu qaydalarının birini də kamera vasitəsilə qeydə ala bilir.

Avtosfer.az-ın məlumatına görə, bu, svetoforda «stop» xətti keçən, piyada keçidinin üzərində dayanan sürücülərin törətdiyi qayda pozuntusudur. Təqdim olunan fotodan da göründüyü kimi, Bakıda bu tipli qayda pozuntusu artıq kamera vasitəsilə qeydə alınır. 

Məlumat üçün bildirək ki, svetoforların qarşısında «stop» xətti çəkilir və bir neçə metr sonra piyada keçidi olur. Lakin bir çox sürücülər svetoforun qadağanelici işığı yanarkən həmin xətti keçərək qayda pozurlar. Bəziləri isə bir qədər də irəli gedib «zebra»nın üzərində dayanırlar. Hətta, «zebra»dan da irəli keçənlər olur.

Əvvəla bildirək ki, svetoforda dayanarkən «stop» xətti keçən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini, yəni, yol işarələrinin tələbini pozur və 40 manat cərimə olunur. Lakin bəziləri daha da irəli gedərək svetoforu keçib piyada keçidinin üzərində dayanır və ya keçiddən də o yana keçməklə guya qaydalara əməl edir. Bu halda isə artıq sürücünün svetoforun tələbini pozduğunu qeydə almaq mümkündür. Belə olduqda sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat – 3 cərimə balı ilə cəzalandırılır. 

Təqdim olunan fotodakı sürücü 40 manatlıq qayda pozuntusuna yol verib. Göründüyü kimi, o, «stop» xətti tam olaraq keçib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həqiqətən də bu cür qayda pozuntuları yol polisinin müşahidə kameraları vasitəsilə qeydə alınır. Gün ərzində 20-dən çox belə qayda pozuntusunun qeydə alındığını deyən bölmə rəisi bildirib ki, burada sürücülər təkcə cərimə olunmaq barədə düşünməməlidirlər: «Burada söhbət sürücünün nişanlanma xəttinin tələbini pozaraq maşını keçidin üzərində saxlamasından gedir. Bu, bizi daha çox narahat edir. Çünki sürücü maşını «zebra»nın üzərində saxladıqda piyadalar məcbur qalıb yolun hərəkət hissəsinə çıxırlar. Hətta, elə sürücülər də var ki, piyada keçidini də keçib yolayrıcına daxil olaraq orada dayanıb guya svetoforun yaşıl işığının yanmasını gözləyirlər. Hansı ki, artıq həmin sürücü svetoforu keçmiş sayılır və bu da qayda pozuntusudur».

Odur ki, yol polisi olaraq sürücülərin nəzərinə çatdırırıq ki, svetoforda, yol ayrıcında dayanarkən bu cür məsələlərə diqqət etsinlər. Əks halda, onlar xətanın növündən asılı olaraq 40 və ya 60 manat, 3 bal cərimə olunacaqlar.

BAKU.WS

Son xəbərlər