Yol polisi 20 Yanvar günü döyüşçünü qanunsuz cərimələdi - Nazirə müraciət
Sumqayıt şəhər yol polisi əməkdaşları Bakir Məmmədova qarşı kobudluq və qanunsuzluq edib.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol Polisinin əməkdaşları Bakir Məmmədova qarşı haqzsızlıq edib: «Bu gün səhər saat 10,50 radələrində idarə etdiyim KİA markalı, 90 VA 414 nömrə nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən yol polisi tərəfindən saxlanıldım. Sülh Küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində dönməni qadağan edən nişanın olmadığı yerdə saxladılar. Sumqayıt şəhəri DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı Aslanov Şamil Aslan oğlu heç bir əsas olmadan məni cərimələdi. 327,2 maddəsinə əsasən mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni, mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə iki avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu. Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib».
B.Məmmədov onu da qeyd edib ki, Bakı şəhərində yaşasa da, hər il şəhid olan əmisi oğlunun məzarını ziyarətə gəlir.
«Ailəmlə hər il 20 yanvarda Sumqayıta gəlirik. Yol polisi əməkdaşına da ümumxalq hüzn günündə cərimə yazmamağı xahiş etdim. Amma o kobud şəkildə davrandı. Əsəbi və emossional olduğum üçün hansısa qayda pozmadığımı anlamamışdım, bu səbəbdən də yol polisinin yalan danışmadığını düşünüb protokola imza atdım. Ziyarətdən sonra həmin əraziyə gəldim. Orada xidmət aparan digər yol polislərindən vəziyyətlə bağlı maraqlandım. Məlum oldu ki, heç bir qaydanı pozmamışam. Sadəcə olaraq, həmin yol polisi mənə qarşı haqsızlıq edib. Mən özüm 25 il Azərbaycan ordusunda xidmət etmişəm. Ağdam, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Hazırda nazirin əmri ilə ehtiyyata göndərilmişəm. Təəssüf edirəm ki, ümumxalq hüzn günündə şəhid adına, döyüşçü adına hörmət edilmədi. Bu da polisimizin mənəvi dəyərlərə hörmət etməməsini göstərdi. Sizin vasitənizlə cənab general polkovnik Ramil Usubova müraciət edirəm ki, mənəvi dəyərlərimizə hörmət etməyən, haqsız yerə cərimə yazan polis əməkdaşı barədə ölçü götürülməsi üçün göstəriş versin», - deyə B.Məmmədov fikrini tamamlayıb.
BAKU.WS
Oxşar xəbərlər
20 Yanvar faciəsindən 27 il ötür
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 27 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövl...