Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib

Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib
Hadisə 429

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

***19:03

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə yekun məhkəmə hazırlıq iclası keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baş tutan sonuncu iclasda hökm oxunaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev Baş Prokurorluğun təqdimatı əsasında saxlanılaraq istintaqa cəlb edilib.

Bununla bağlı Baş Prokurorluğun məlumatında bildirilir ki, media subyektləri və internet resurslarında 2024-cü ilin noyabrın 22-də aparılan monitorinq zamanı Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Fakta görə, cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Məlumatda o da bildirilir ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiya yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə video çəkilişi apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər