"Rəşad məni zorladı ..." - Mesajla başlayan "sevgi", təcavüz və bəraət

Rəşad məni zorladı ... - Mesajla başlayan sevgi, təcavüz və bəraət
Hadisə 7744
 

Bakıda zorlama və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Quba rayon sakini, 1994-cü il təvəllüdlü Rəşad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəşad Quliyev 2014-cü ilin yanvar-fevral aylarında satıcı işlədiyi Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerin yaxınlığındakı S.Ə.Pişəvəri küçəsi 1 ünvanında yerləşən "Real Telekom" telefon mağazasına anası ilə telefona mahnı yazdırmaq üçün gələn Samirə Mehdiyeva (ad və soyad şərti verilib) ilə tanış olmaq istəyib.

Zorlama

Bu məqsədlə Rəşad 15 yaşlı Samirənin telefon kartına öz mobil telefon nömrəsini yazaraq ona zəng etməsini xahiş edib. 11 fevral 2014-cü ildə Samirə öz telefonu vasitəsi ilə Rəşada mesaj göndərib. Rəşad da qarşılıqlı sevgi xarakterli mesajlar yazaraq Samirəni guya sevdiyini və onun üçün darıxdığını bildirib.

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, Rəşad həmin vaxt Samirəni görüşə dəvət edib. Fevralın 14-də, saat 21.30 radələrində Rəşad onunla görüşə gələn Samirə ilə işlədiyi mağazanın qarşısında görüşüb. O, Samirəyə mağazanın binasının arxasına keçərək gəzişməyi təklif edib. Onlar söhbət edə-edə evlərin arası ilə nisbətən qaranlıq yer olan 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəliblər. Bu zaman Rəşad Samirəni öpüb, sonra cinsi əlaqədə olublar.

3 il cəza

İstintaq orqanı Rəşad Quliyevi Cinayət Məcəlləsinin 149.3.3-cü ( aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmə Rəşad Quliyevə verilən ittiham üzrə maddəni dəyişib və onu Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində Rəşad Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib. Həmiçinin Rəşad Quliyevin vəkili də apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyasında iş hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Samirənin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Rəşad Quliyev elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, Samirə ilə heç vaxt cinsi əlaqədə olmayıb: "Samirəni zorlamamışam, seksual xarakterli əxlaqsız hərəkətlər etməmişəm. Bütün bunlar yalan, mənə qarşı şər və böhtandır".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarıb: "2014-cü ilin yanvar ayının sonlarından başlayaraq Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yanında yerləşən "Real Telekom" adlanan mağazada disk satıcısı işləməyə başlamışam. Əvvəllər özünü Təhminə kimi təqdim edən, sonradan adının və soyadının Samirə Mehdiyeva olduğunu bildiyim qız bir neçə dəfə anası ilə birlikdə işlədiyim telefon mağazasına telefona mahnı yazdırmaq üçün gəlib. Samirəni 2014-cü ilin yanvar-fevral aylarında tanımışam. Samirənin anası 2-3 dəfə mahnı yazdırmağa gəlib. Söhbət əsnasında kirayədə qaldığım evdə su olmamasından narazılıq etdim və kirayə ev axtardığımı bildirdim. Qızın anası mobil telefon nömrəmi götürdü ki, onlar tərəfdə mənim üçün ucuz və şəraitli ev tapacaq".

"Samirə boynuma atılaraq ağladı"

Rəşad Quliyev bildirib ki, fevralın 11-də tanımadığı nömrədən ona mesaj gəlib: "Əvvəlcə mesaj yazan şəxsi tanımadım. Sonra Təhminə kimi tanıdığım Samirə özünü təqdim etdi. Həmin gün biz xeyli mesaj yazaraq danışdıq. Fevralın 14-də, axşam saat 21.30 radələrində işdə olduğum zaman Samirə iş yerimə gələrək məni çölə çağırdı. Bayıra çıxdıqda qapının qarşısında məni gözləyən Samirə boynuma atılaraq ağladı. Samirə evə gecikdiyini deyərək boynumu qucaqladı və bildirdi ki, qurban olum, məni evə apar. Mən də Samirəni ötürmək qərarına gələrək mağazaya girdim və paltarımı geyinərək mağazadan çıxdım. Samirə ilə binanın arxasından keçdik. Avtobus dayanacağına bir neçə metr qalmış dayanaraq bir neçə dəqiqə söhbət etdik. Sonra isə avtobusa minmək üçün küçənin əks tərəfinə keçdik".

"Mənimlə birlikdə yaşamaq istədiyini dedi"

Rəşad Quliyev qeyd edib ki, Samirə Xırdalana gedən avtobusa minməkdən imtina edib və bildirib ki, sürücü onu tanıyır: "Bu səbəbdən avtobusa "20 Yanvar" metro stansiyasından minmək üçün birlikdə səki ilə hərəkət edərək 20 Yanvar dairəsinə çatdıq. Moskva prospektində Sumqayıt istiqamətinə gedən avtobusların dayanacağında avtobusa minmək istəyərkən Samirə bu sürücünün də onu tanıdığnı bildirdi və avtobusa minməkdən imtina etdi. Bu səbəbdən biz kənara çəkildik. Bu zaman atam mənə zəng etdi. Atam ilə işlərim barədə təxminən 5 dəqiqə danışdıqdan sonra Samirə ilə 135 nömrəli marşrut avtobusuna minərək onun yaşadığı Xırdalana gəldik. Yolda Samirə onu yaşlı Mazan adlı qohumuna ərə vermək istədiklərini, lakin onu istəmədiyini bildirdi. Samirənin məndən xoşu gəldiyini, mənimlə birlikdə yaşamaq istədiyini dedi. Samirəyə nişanlı olduğumu bildirdim".

"Samirəyə məndən əl çəkməsini dedim"

Rəşad Quliyevin sözlərinə görə, bir qədər sonra Xırdalanda Samirə çatdıqlarını bildirib və onlar avtobusdan düşüblər: "Bu zaman Samirə evlərinə tərəf getdi. Mən isə yolun əks tərəfinə keçərək avtobusa minərək şəhərə qayıtdım. Yolda olduğum vaxt 10-15 dəqiqə keçmiş tanımadığı nömrədən Samirə zəng vurdu və anasının artıq evə gəldiyi üçün evə girə bilmədiyini, anasından qorxduğunu dedi. Samirə geri qayıtmağımı xahiş etdi. Mən isə qayıda bilməyəcəyini bildirdim və qorxmamasını, evə getməsini söylədim. Bundan sonra Samirə müxtəlif nömrələrdən bir neçə dəfə zəng vuraraq yanıma gəlmək istədiyini bildirdi. Samirəyə məndən əl çəkməsini, evə getməsini dedim. Bir müddət sonra yenidən mənə zəng gəldi. Telefona cavab verəndə taksi sürücüsü olduğunu, Samirəni 3-cü mikrorayon dairəsində düşürdüyünü bildirdi. Bundan sonra, Samirədən xəbərim olmayıb. Gecə evimdə yatmışam. Səhəri günü Samirənin anası və qardaşı yanıma gəldilər. Onlar Samirəni soruşdular. Samirəni axşam evə ötürdüyümü, sonuncu dəfə taksi sürücüsünün telefonundan zəng vurduğunu bildirdim. Bundan sonra məni izahat vermək üçün polis bölməsinə çağırdılar".

"Samirəni görüşə çağırmamışam"

Rəşad Quliyev daha sonra qeyd edib ki, Samirənin telefonuna öz nömrəsini yazmayıb: "Samirə ilə görüşmək fikri olmayıb. İlk olaraq Samirə mənə mesaj yazarkən mesaj yazanın kim olduğunu belə bilməmişəm. Samirə özünü təqdim etdikdən sonra mesaj yazanın Təhminə kimi tanıdığım qız olduğunu bilmişəm və qarşılıqlı olaraq bir-birimizə sevgi xarakterli mesajlar yazmışıq. Fevralın 14-də Samirəni görüşə çağırmamışam və həmin gün Samirənin iş yerimə gələcəyindən də xəbərim olmayıb".

"Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub"

Daha sonra Rəşad Quliyev bildirib ki, heç vaxt 266 saylı məktəbin həyətində olmayıb: "Həmçinin fevralın 14-də, axşam saatlarında Samirə ilə birlikdə 266 saylı məktəbin həyətinə getməmişəm. Onunla cinsi əlaqədə olmamışam və ya ona qarşı seksual xarakterli heç bir hərəkət etməmişəm. Samirənin anası yüngül həyat tərzi keçirən qadın olub. Qızını da əxlaqsız hərəkətlər etməyə məcbur edib. Ana və qızı başqa şəxslərə şər atmaqla pul qazanmaqla məşğul olublar".

"Rəşad məni görüşə çağırdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Samirə Mehdiyeva bildirib ki, anası Zöhrə ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsi adlanan yerdə yerləşən telefon mağazasına mahnı yazdırmaq uçün gediblər: "Həmin vaxt mağazada satıcı işləyən Rəşad Quliyev anamın telefonunun yaddaş kartına özünün telefonunun nömrəsini yazdı və məndən ona zəng etməyimi xahiş etdi. Fevralın 11-də anamın tanışı Mirislam Mahmudovdan aldığım telefon nömrəsindən Rəşada mesaj yazdım. Bu zaman Rəşad məni görüşə çağırdı".

"Mənimlə cinsi əlaqəyə girməyi təklif etdi"

Samirə Mehdiyevanın sözlərinə görə, fevralın 14-də, axşam anasının qaz sayğacı kartına pul yükləmək üçün getdiyini görüb və saat 20.30 radələrində evdən çıxaraq Rəşadın işlədiyi mağazaya gəlib: "Rəşad əvvəlcə "Sahil"ə gəzməyə getməyi təklif etdi. Mən isə vaxtımın az olduğunu və anamın evə qayıdana qədər evdə olmağımın vacibliyini dedim. Bu zaman Rəşad mənə "bu tərəfə gedək" dedi və binanın arxa tərəfinə keçdik. Orada adamların olduğunu gördük. Rəşad məhlənin içərisinə doğru getməyi xahiş etdi. Gəzə-gəzə 266 saylı orta məktəbin giriş darvazasının qarşısına gəldik. Ətrafda heç kimin olmadığını görən Rəşad məni tutaraq divara sıxdı və məni öpməyə başladı. Sonra mənə qarşı seksual xarakterli hərəkətlər etməyə başladı və mənimlə cinsi əlaqəyə girməyi təklif etdi".

"Mənimlə cinsi əlaqədə oldu"

Samirənin ifadəsinə görə, Rəşadın cinsi əlaqədə olmaq təklifini rədd edib və onu geriyə itələyib: "Bu vaxt Rəşad qolumdan tutaraq məni öldürməklə hədələdi. Sonra Rəşad məni soyunduraraq iki dəfə cinsi əlaqədə oldu. Bu zaman qorxumdan səsimi çıxarmadım. Cinsi əlaqədə olandan sonra Rəşadla "20 Yanvar" metro stansiyasına gəldik. Oradan Xırdalana gedən 135 saylı marşrut avtobusu ilə məni evimizin yaxınlığına gətirdi və sonra şəhərə qayıtdı. Evə gəldikdə anamin artıq evdə olduğunu gördüm. İçəri girməkdən qorxaraq Rəşadın yanına qayıtmaq istədim. Yolda müxtəlif şəxslərin telefonu ilə Rəşada zəng vurdum və evə getməkdən qorxduğumu dedim, onun yanına qayıtmaq istədiyimi bildirdim".

"Zorlandığım barədə anama danışmaqdan qorxdum"

Samirə Mehdiyeva bildirib ki, bu zaman Rəşad ona yanına gəlməməsini deyib: "Bu vaxt anamın dayanacağa tərəf gəldiyini gördüm və taksiyə oturdum. Taksi sürücüsünün telefonundan Rəşada zəng vurdum. Lakin Rəşad məni qəbul etmədi. Taksi sürücüsünə getməyə yerim olmadığını dedim. Ondan səhərə kimi maşında qalmağıma icazə istədim. Səhərə kimi maşınında qaldım. Səhəri gün sürücüdən məni Xırdalanda bazarın yanında düşürməsini xahiş etdim. Sürücü həmin yerdə məni düşürdü. Bir qədər sonra anam və qardaşım oraya gəldilər və məni evə apardılar. Zorlamam barədə anama danışmaqdan qorxdum. Bu barədə səhəri gün yuxudan duranda anama hər şeyi danışdım".

"Qızıma baxdığını gördüm"

Cinayət işi üzrə şahid qismində ifadə verən Samirə Mehdiyevanın anası Zöhrə Mehdiyeva bildirib ki, fevralın 14-də, axşam saat 21 radələrində karta qaz yükləmək üçün 3-cü mikrorayon dairəsinə gəlib və qazı yükləyərək bir saatdan sonra evə qayıdıb: "Qızım Samirənin evdə olmadığını gördüm və Quşçuluq massivində başqa evdə yaşayan oğlum Amilə zəng vuraraq məlumat verdim. Oğlum ilə birlikdə Abşeron Rayon Polis Şöbəsinə gələrək qızımın evdən getməsi və geri qayıtmaması barədə ərizə verdim. Fevralın 15-də, saat 17 radələrində Samirəni Xırdalan şəhərində tapdıq. Məlum oldu ki, qızım həmin gecə başqa bir oğlanla taksidə qalıb. Sonradan qızımın məhkəmə-tibbi ekspertizadan keçirilməsini xahiş etdim və ekspertiza ilə Samirənin bakirəliyinin pozulduğu müəyyən edildi. Ona görə də ərizə ilə Abşeron Rayon Prokurorluğuna müraciət etdim. Qızımın dediyinə görə, onu Rəşad zorlayıb".

Zöhrə Mehdiyeva daha sonra ifadəsində qeyd edib ki, Rəşadın işlədiyi 3-cü mikrarayon dairəsi yanında yerləşən "Real Telekom" adlanan mağazaya 2014-cü ilin yanvar ayında qızı Samirə ilə birlikdə 2-3 dəfə musiqi yazdırmağa gedib: "Həmin vaxt Rəşadın qızıma baxdığını gördüm və buna görə də ona xəbərdarlıq etdim. Qızımin itdiyini bildikdən sonra Rəşadın qızıma baxmağından şübhələndiyimə görə, oğlum ilə birlikdə onun iş yerinə gəldik. Fevralın 15-də, günorta saatlarında qızımı tapdıq. Fevralın 16-da qızım Rəşad tərəfindən zorlandığını dedi. Mən də bu barədə polisə ərizə ilə müraciət etdim".

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rəşad Quliyevin apellyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə Rəşad Quliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

BAKU.WS

Oxşar xəbərlər

Rəşad Dağlı qəzaya düşdü - Yaralıdır

Rəşad Dağlı qəzaya düşdü - Yaralıdır

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb BAKU.WS APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ə...

3237 Hadisə 08:36 07 iyun 2016

Son xəbərlər