Qənimət Zahidə hökm oxundu

Qənimət Zahidə hökm oxundu
Hadisə 78

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun (Qənimət Zahid) cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Qənimət Zahidov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qənimət Səlim oğlu Zahidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu əməllərin təkrar və ya bir qrup şəxs tərəfindən törədilməsi) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Qənimət Zahidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi məqsədilə 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub. Lakin onun tutulması və ekstradisiyası mümkün olmayıb.

18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsilə Qənimət Zahidov 20 oktyabr 2025-ci il tarixdə istintaqa dəvət edilib, lakin o, çağırışa məhəl qoymayaraq istintaqa gəlməyib.

Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə Qənimət Zahidov barəsində qiyabi icraat açılıb və o, müdafiəçi ilə təmin edilib.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 18 sentyabr 2025-ci il tarixdə Qənimət Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi barədə qərar qəbul edilib. Lakin onun Azərbaycan Respublikasının hüdudlarından kənarda gizlənməsi səbəbindən ittihamın elan edilməsi mümkün olmayıb.

İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Son xəbərlər