Prezident korrupsiyanın kökünü necə kəsdi?! - “The Financial Times” yazır

Prezident korrupsiyanın kökünü necə kəsdi?! - “The Financial Times” yazır
Hadisə 3395

"İkinci devalvasiyadan sonra bizim daxili maliyyə bazarlarında müəyyən panika yarandı, ona görə də biz bir sıra təxirəsalınmaz tədbirlər görməli olduq”.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri nüfuzlu "The Financial Times” qəzetinə müsahibəsində prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

Prezidentin köməkçisi Azərbaycan hökumətinin post-neft erasının 10-15 il sonra gələcəyini gözlədiyini bildirib. "Lakin biz praktiki olaraq post-neft erası ilə indi qarşılaşdıq. Nəticədə islahatları sürətləndirməli olduq”-Natiq Əmirov əlavə edib.

Qəzetin yazdığına görə, prezidentin köməkçisi McKinsey konsaltinq şirkəti ilə müqavilə bağlayaraq Azərbaycan iqtisadiyyatının 2025-ci ilə qədər yol xəritəsinin işlənib hazırlanmasını sifariş edib. Lakin hökumət şirkətin bu ilin oktyabr ayında hazır olacaq hesabatını gözləmədən ən dərin problemlərdən bəzilərini həll etməyi qərara alıb. Bura xarici investorların çoxdandır şikayətləndiyi korrupsiya da daxildir."Ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi”-qəzet yazır.

Lakin indi biznesmenlər və bankirlər deyir ki, ilin əvvəlindən ölkəyə mal idxalında rüşvət praktikası kəskin şəkildə dayandı. "Gömrük sistemində islahatlar kifayət qədər radikal şəkildə getdi”-yerli bankirlərdən biri deyir.

İndi demək olar ki, bütün mallar ölkəyə leqal idxal edilir, bu da şikayətlərin artmasına səbəb olub ki, rəsmi gömrük tarifləri biznesmenlərin əvvəl ödədiyi rüşvətdən daha çoxdur."Çoxdur, ancaq qanunidir”- Natiq Əmirov məmuniyyətlə deyir.

"Bizim prezident həqiqətən bu məsələni öz nəzarətinə götürdü və biz hər gün, hər həftə baş verənlər haqda ona məruzə edirdik”- prezidentin köməkçisi əlavə edib.

Bu islahatların nəticəsində gömrükdən büdcəyə daxil olan gəlirlər ilin ilk 6 ayı ərzində 30 faiz artıb, baxmayaraq ki, iqtisadiyyatda geriləmə var. N.Əmirov deyir ki, hökumət dövlət orqanları tərəfindən şirkətlərdə yoxlamaları da kəskin azaldıb və hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir.

BAKU.WS

Son xəbərlər