Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?
Son vaxtlar məktəblərdə şagirdlərin saç və saqqal məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə yuxarı siniflərdə oxuyan oğlan şagirdlərin saç və saqqallarını kəsməyə məcbur edilməsi ilə bağlı müəllimlər tərəfindən təzyiqə məruz qaldığı iddia olunur.
Valideynlərdən birinin sözlərinə görə, 10-cu sinifdə təhsil alan oğlu müəllim tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. İddiaya əsasən, müəllim şagirdin saçını dartaraq onu alçaldıb.
Maraqlıdır, bəs görəsən, müəllim məktəbliləri saçlarını kəsdirməyə məcbur edə bilər?
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ümumtəhsil məktəblərində müəllimlərin, məktəb rəhbərliyinin, şagirdlərin və valideynlərin hüquq və vəzifələri mövcuddur.
Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?
Onun sözlərinə görə, bu kontekstdə xüsusilə şagirdlərin hüquqlarına diqqət yetirmək vacibdir:
"Müəllimin şagirdin saçından tutması, ona fiziki və ya psixoloji təzyiq göstərməsi qətiyyən yolverilməzdir və bu, etik davranış qaydalarına tamamilə ziddir. Müəllim yalnız şagirdə şifahi irad bildirə, bu barədə valideyni məlumatlandıra bilər. Əgər bu da nəticə verməzsə, məsələ ilə bağlı məktəb rəhbərliyinə şifahi və ya yazılı müraciət edə bilər. Lakin hər hansı şagirdin saçından tutularaq fiziki və ya psixoloji təsirə məruz qoyulması qətiyyən qəbul edilmir".
Ekspert qeyd edib ki, şagirdlərin etik davranış qaydalarına uyğun geyim forması və zahiri görünüş tələbləri mövcuddur:
"Saçın normadan artıq uzun olması da bu qaydalara zidd hesab olunur. Burada konkret ölçü məlum olmadığı üçün dəqiq qiymət vermək çətindir, lakin məktəblinin digər şagirdlərdən kəskin şəkildə fərqlənməsi və mənfi nümunə yaratması yolverilməzdir. Belə hallar məktəb mühitində intizam problemlərinə səbəb ola bilər. Əgər müəllim öz vəzifə və səlahiyyətlərini düzgün bilirsə, ilk növbədə şagirdə şifahi xəbərdarlıq edir, nəticə olmadıqda valideyni məlumatlandırır. Bundan sonra da problem həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə çıxarılır və zərurət yaranarsa, Pedaqoji Şura və ya Nizam-İntizam Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Məktəb rəhbərliyi də istəməz ki, hər hansı şagird digərləri üçün mənfi örnəyə çevrilsin.
Əgər valideynin iddia etdiyi kimi, şagirdin saçından tutulub ona fiziki və ya psixoloji təzyiq göstərilibsə, bu hal müəllimin etik davranış qaydalarına tam ziddir və araşdırılmalıdır. Lakin müəllim sadəcə saçın uzunluğunu müəyyən etmək məqsədilə toxunubsa və ya onun qısaldılmasının vacibliyini bildiribdirsə, bu zaman məsələ fərqli qiymətləndirilməlidir".
Ramin Nurəliyev əlavə edib ki, hazırda müşahidə olunan əsas problemlərdən biri də valideynlərin övladlarına söz keçirə bilməməsi və müəllimi müdafiə etmək əvəzinə şagirdi haqsız şəkildə müdafiə etməsidir:
"Bu yanaşma düzgün deyil. Valideyn məktəb qaydalarına əməl olunması məsələsində müəllimin yanında olmalıdır. Əks halda, bu cür münasibət uşağın gələcək davranışlarında daha ciddi problemlərə yol aça bilər. Valideyn ilk növbədə övladına izah etməlidir ki, məktəbdə müəyyən qaydalar var və bu qaydalara hamı əməl etməlidir. Əgər saçın uzunluğu normadan artıqdırsa, bu mütləq şəkildə aradan qaldırılmalıdır. Təfərrüat tam məlum olmasa da, ümumi yanaşma ondan ibarətdir ki, müəllimə qarşı əsassız hücumlar yolverilməzdir və valideyn-məktəb əməkdaşlığı qorunmalıdır. Əgər valideynin qeyd etdiyi kimi, müəllim şagirdə qarşı alçaldıcı ifadələr işlədibsə, bu halda valideynin haqlı olduğunu demək olar. Çünki müəllim öz hüquq və vəzifələrini etik davranış qaydalarına uyğun şəkildə icra etməlidir. Qeyd edim ki, bu, mənim şəxsi fikrim və mövqeyimdir".
Onun sözlərinə görə, bu gün müəllimlərin şagirdlərə qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq göstərməsi yolverilməzdir:
"Artıq əvvəlki dövrlərdə mövcud olan "əti sənin, sümüyü mənim" yanaşması keçmişdə qalıb. Zaman dəyişib, yanaşmalar dəyişib və təhsil sistemi də bu reallıqlara uyğun fəaliyyət göstərməlidir. Hazırda valideynlər ən kiçik problemlər zamanı belə müəllimi asanlıqla məsuliyyətə cəlb edə bilirlər. Məhz buna görə də müəllimlər, xüsusilə orta ümumtəhsil məktəblərində dərs prosesini həyata keçirərkən şagirdlərlə davranışda son dərəcə diqqətli olmalı, zorakılığa yol verməməlidirlər. Nə olursa-olsun, problemin mahiyyəti nə qədər ciddi olsa belə, şagirdə qarşı fiziki və ya psixoloji təzyiq göstərmək qətiyyən olmaz. Bu məsələ müəllimin hüquq və vəzifələrində də açıq şəkildə qeyd olunub. Müəllim emosional davranmaq əvəzinə, qanuni və mərhələli mexanizmlərdən istifadə etməlidir. İlk növbədə şagirdə şifahi xəbərdarlıq etməli, izahat almalı, daha sonra valideyni məlumatlandırmalıdır. Əgər problem bu mərhələdə də həllini tapmazsa, məsələ məktəb rəhbərliyinə təqdim olunmalıdır. Bu ardıcıllıqla hərəkət edildikdə, müəllim öz vəzifəsini düzgün şəkildə icra etmiş sayılır və gələcəkdə yarana biləcək problemlərə görə məsuliyyətdən kənarda qalır. Lakin müəllim bu prosedurları gözləmədən məsələni özbaşına həll etməyə çalışar, şagirdə qarşı fiziki və ya psixoloji zorakılığa yol verərsə, bu zaman bütün məsuliyyət birbaşa müəllimin üzərində qalır. Bu isə həm hüquqi, həm də etik baxımdan qətiyyən yolverilməzdir".
Oxşar xəbərlər
Qaxda vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların...