“Milyonçular məhəlləsi”nin sakini ilə sosial şəbəkədə tanışlıq qadına baha başa gəldi

“Milyonçular məhəlləsi”nin sakini ilə sosial şəbəkədə tanışlıq qadına baha başa gəldi
Hadisə 15969

 

Sosial şəbəkədə ev işləri görmək təklifi ilə əlaqədar elan yerləşdirən qadın özünü "milyonçular məhəlləsi”nin sakini kimi təqdim edən gənclə tanış olur. Həmin gənc ev yığışdırmaq bəhanəsi ilə qadını özünün də düz-əməlli tanımadığı əraziyə aparır. Oradaca "qurban”ının əlindəki planşeti və pul kisəsini götürərək aradan çıxır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı Bakı şəhər sakini Elşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Elşad Məhərrəmov 21 sentyabr 2016-cı ildə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 13 saylı evin qarşısında Fərqanə Abdullayevanın əlindəki planşeti və pul kisəsini zorla onun əlindən alıb. Qadın müqavimət göstərərək, telefonu vermək istəmədikdə onu yumruqla vurub. F.Abdullayevanın qışqıraraq köməyə adam çağırdığını görüncə isə, dərhal qaçaraq hadisə yerindən uzaqlaşıb.

F.Abdullayevaya 179 manat ziyan vuran, ona qarşı soyğunçuluq edən E.Məhərrəmov ertəsi gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Elşad Məhərrəmov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Fərqanə Abdullayeva ilə odnoklassniki.ru sosial şəbəkəsində tanış olduğunu göstərib. Qadını yaxından tanımaq istədiyini, görüşmək niyyətində olduğunu desə də, sosial şəbəkəyə ev işləri görmək təklifi ilə daxil olan qadın razılaşmayıb. Qısacası, yalnız işlə bağlı görüşə biləcəyini deyib. Belə olan təqdirdə Elşad qadına yalandan Bakıxanov qəsəbəsində "milyonçular məhəlləsi”ndə evi olduğunu, həmin evdə təmizlik işlərinin görülməsini təklif edib.

”Evi göstərmək üçün axşam saatlarında "Neftçilər” metro stansiyasının yaxınlığına görüş təyin etdim. Əlində telefon və planşet vardı. Onları ələ keçirmək üşün piyada getməyi təklif etdim. Qəsəbədəki fərdi evlərin yerləşdiyi əraziyə gəldik. Evlərdən birinin qarşısında dayandıq. Telefonun fənəri ilə qapıya işıq salmaq istədiyimi dedim, amma Fərqanə telefonu vermədi. Telefonla planşeti dartdım, Fərqanə büdrəyib yıxıldı, qaçıb getdim. Bir qədər aralandıqdan sonra ələ keçirdiyim əşyalardan birinin planşet, digərinin pul qabı olduğunu gördüm. Pul qabının içində cəmi 5 manat vardı. Ertəsi gün polis əməkdaşları evə gələrək məni bölməyə apardılar. Hadisə zamanı Fərqanəni vurmamışam”, - təqsirləndirilən deyib.

Zərərçəkmiş qismində dindirilən Fərqanə Abdullayeva ifadəsində özünə iş tapmaq üçün internetə daxil olduğunu, ona ev işləri görməyi təklif edən, adının Eduard olduğunu deyən şəxslə ötən ilin sentyabr ayının 21-də görüşdüyünü göstərib:

”Eduardla görüşdük, piyada yolla Bakıxanov qəsəbəsindəki fərdi evlərin yerləşdiyi əraziyə gəlib çıxdıq. Eduard məndən telefonun fənərindən istifadə etmək istədiyini dedikdə şübhələndim, vermədim. O, planşeti, pul qabını dartıb əlimdən aldı. Telefonu vermədikdə yumruqla alnıma, gözümə zərbələr endirdi. Yerə yıxılsam da, telefonu əlimdən buraxmadım. Qışqırıb köməyə adam çağıranda Eduard qaçıb getdi. Sonradan bildim ki, özünü Eduard kimi təqdim edən şəxsin adı əslində Elşad Məhərrəmov imiş. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edirəm”.

Məhkəmənin hökmü ilə Elşad Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər